İsveçdə kiçik peyklərin kosmosa göndərilməsi üçün kosmodrom tikiləcək
Stokholm, 11 may, AZƏRTAC
İsveç hökuməti kiçik peyklərin kosmosa göndərilməsi üçün Avropada ilk kosmodrom tikilməsi planını dəstəkləyib. Bu, krallıqda kosmos sahəsinin təşəkkülü və inkişafı istiqamətində mühüm addım olacaq.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, İsveçin Arktik hissəsində raketlərin Esreync poliqonundan fəzaya göndərilməsi planı milli kosmik strategiyanın bir hissəsi kimi ölkənin ali təhsil naziri Yelena Hellmark Knutsson tərəfindən məxsusi tədbirdə elan edilib.
Nazir qeyd edib ki, raket texnologiyaları üçün sınaq stendinin tikiləcəyi Esreync müasirləşmə və təkmilləşmə mərhələsi keçəcək. Növbəti mərhələdə bu poliqonda Yerin ətrafındakı orbitə kiçik peyklərin göndərilməsinə imkan verən şərait yaradılacaq.
Hökumətin kosmik sahənin inkişafına dair yeni strategiyasında hələlik bu obyektin tikintisi üçün dövlət maliyyələşməsi nəzərdə tutulmur. İsveç Kosmos Korporasiyasının (SSC) hesablamalarına görə, bu tikinti 500 milyon İsveç kronuna (təqribən 50 milyon dollar) başa gələcək. Bununla belə, layihənin maliyyələşdirilməsi ilə bağlı məsələyə cari ilin payızında - İsveç parlamentində krallığın 2019-cu il üçün büdcəsinin müzakirəsi zamanı baxılması gözlənilir.
SSC-nin vitse-prezidenti Stefan Qustafsson KİV-lərə müsahibəsində bu qərarı alqışlayaraq deyib: “Bazarda raketlərin göndərilməsi meydançalarına böyük tələbat var. Avropa İttifaqı ərazisindən kiçik peyklərin buraxılması imkanlarına malik olmaq çox vacibdir”.
Çörək kömbəsindən kiçik paltaryuyan maşınadək müxtəlif ölçülərdə olan peyklər kosmos sahəsində ən yeni texnologiyalardan biridir. Qustafssonun sözlərinə görə, bu peyklər ictimai funksiyalar və dayanıqlı planet üçün daha çox əhəmiyyətlidir, buraxılış qurğularının olmaması isə bu mühüm kosmik infrastrukturun inkişafına əngəl törədir.
Qeyd edək ki, Esreync poliqonu 1966-cı ildə Şimal Qütb dairəsindən 200 kilometr şimalda və Kiruna şəhərinin 45 kilometrliyində salınıb. Mərkəz kosmik tədqiqatlar, habelə kiçik raketlərin və stratosfer hava şarlarının fəzaya buraxılması yolu ilə atmosferin öyrənilməsi funksiyasını daşıyır. Bu poliqondan sınaqlarla yanaşı, digər kosmodromlardan buraxılmış peyklərin idarə edilməsi və onlardan məlumatların qəbulu məqsədilə də istifadə olunur.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm