İsveçin Baş naziri Stefan Löven qarşıdan gələn payızda istefa verəcəyini elan edib
Stokholm, 23 avqust, Rauf Əliyev, AZƏRTAC
İsveçin Baş naziri Stefan Löven qarşıdan gələn payızda vəzifəsindən istefaya gedəcəyini elan edib.
AZƏRTAC xəbər verir ki, o bunu, avqustun 22-də etdiyi çıxış əsnasında açıqlayıb.
Lövenin sözlərinə görə, bu qərarı vermək asan olmasa da, hazırkı anda doğrudur. Baş-nazir vəzifəsi ilə yanaşı, o, həm də İsveçin Sosial Demokratlar Partiyasının sədri vəzifəsini tərk etmək istədiyini də açıqlayıb. “Gələn il keçiriləcək seçki kampaniyasında Sosial Demokrat Partiyasına mən yox, başqası rəhbərlik edəcək. Noyabr ayında qurultayda partiya sədri vəzifəsindən ayrılmaq qərarı barəsində artıq partiyanın icra komitəsinə və namizədliyi irəli sürülən komitə sədrinə bildirmişəm. Bu səbəbdən həmin dövrdə də vəzifəmdən azad olunmağımı xahiş edirəm”, - deyə o bildirib.
İsveç hökumətinin başçısı deyib: “Hər şeyin bir sonu var və mən varisimə yaradıla biləcək ən yaxşı şəraiti təmin etmək istəyirəm”.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm