İsveçin Malmö şəhərinin mərkəzində bomba partlayışı baş verib
Stokholm, 18 mart, AZƏRTAC
Martın 17-də axşam radələrində İsveçin Malmö şəhərinin mərkəzində bomba partlayışı baş verib.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, güclü partlayış şəhərin mərkəzindəki “Étage” adlanan populyar gecə klubunda olub.
Bir neçə adam tərəfindən polisə vurulan həyəcan zəngində onların Stortorget tarixi şəhərinin mərkəzində yerləşən “Étage” gecə klubunda güclü partlayış səsi eşitmələri bildirilir. Hadisə yerinə gələn asayiş keşikçiləri və xilasetmə xidmətinin təmsilçiləri Stortorgeti tamamilə əhatəyə alıblar. Daha sonra əraziyə daha bir bombanın olmasını yoxlamaq üçün partladıcı qurğular üzrə texniklər gəliblər.
Qeyd olunur ki, gecə klubu partlayış anında bağlı olub və bu səbəbdən insan itkisi baş verməyib. Partlayışın gücündən pəncərələr sınıb və yaxınlıqdakı binalara zərər dəyib.
Polisin məlumatına görə, partlayışla əlaqədar cinayət işi qaldırılıb, təhqiqat aparılır. Hazırda əldə olunan məlumata görə, dəyən zərər və partlayışın dairəsi bombanın hazırlanmasında hansı materiallardan istifadə olunmasından xəbər verir.
Bu, Malmödə məhz həmin axşam qeydə alınan ikinci partlayış olub. Bundan əvvəl polisə şəhərin digər rayonunda yerləşən çoxmənzilli binanın girişinin dağılması barədə məlumat daxil olmuşdu. Polisdə bildiriblər ki, bu partlayış vandalizm hərəkəti kimi qiymətləndirilir. Polisin ilkin məlumatına görə, partlayışda hansısa fişəng növlərindən istifadə edilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm