İTALİYA HÖKUMƏTİ QANUNSUZ MİQRANT AXINI İLƏ BAĞLI ÖLKƏDƏ BÖHRAN VƏZİYYƏTİ ELAN ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İtaliya hökuməti son aylarda güclü qanunsuz miqrant axını ilə əlaqədar ölkə ərazisində böhran vəziyyəti elan etmişdir. Qanunsuz mühacirətin qarşısını almaq məqsədi ilə yaxın müddətdə tədbirlər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaqdır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cari ilin birinci yarısında Afrika ölkələrindən 10,6 min nəfər (ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çox) mühacir qayıqlarla İtaliyanın Aralıq dənizindəki Lampeduza adasında sahilə çıxmışdır. Həmin adada fəaliyyət göstərən qaçqın düşərgəsi 381 nəfəri, fövqəladə hallarda isə 762 nəfəri yerləşdirmək imkanına malikdir. Hazırda həmin düşərgədə 1.005 qeyri-leqal mühacir sığınacaq tapmışdır. İndiyədək Siciliya, Apuliya və Kalabriya əyalətlərində hökm sürən böhran vəziyyəti bundan sonra bütün ölkə ərazisinə şamil ediləcəkdir.
Böhran vəziyyəti şəraitində hökumət orqanları qanunsuz miqrasiyaya qarşı daha sərt mübarizə aparmaq, qanunsuz miqrantları həbs etmək, onların ölkədən çıxarılması prosesini sürətləndirmək və ölkənin müxtəlif bölgələrində yeni qaçqın düşərgələri yaratmaq imkanına malik olacaqlar.
İtaliya müxalifət partiyaları hökuməti insanlar arasında qorxu yaratmaqda, miqrantlarla cinayətkar kimi rəftar etməkdə və onlarla bağlı siyasəti ilə ölkənin beynəlxalq imicinə zərbə vurmaqda günahlandırmışlar.
İtaliya hökumətinin yeni qərarı Müqəddəs Taxt-Tacın da tənqidinə tuş gəlmişdir. Papa yanında Miqrantlar Şurasının katibi Aqostino Marçetto İtaliya hökumətini miqrant, qaçqın və sığınacaq istəyənlərin hüquqlarına hörmətlə yanaşmağa, habelə beynəlxalq norma və öhdəliklərə əməl etməyə çağırmışdır.
Xatırladaq ki, rəsmi orqanların məlumatına görə, İtaliyada qanunsuz miqrantların sayı 650 min nəfərdir.