CƏMİYYƏT
İtaliyanın müstəqilliyi uğrunda canından keçən azərbaycanlıların xatirəsi anılıb
Roma, 23 aprel, AZƏRTAC
İkinci Dünya müharibəsində müqavimət hərəkatında iştirak edən və İtaliyanın müstəqilliyi uğrunda canından keçən həmvətənlərimizin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, İtaliyada fəaliyyət göstərən və sıralarında soydaşlarımızı birləşdirən Azərbaycan İcması Assosiasiyasının üzvləri Berqamo şəhərində ucaldılmış xatirə kompleksini ziyarət edərək italyanlarla çiyin-çiyinə döyüşən azərbaycanlıların əziz xatirəsini anıb, abidə önünə Azərbaycanın üçrəngli bayrağının əks olunduğu əklil qoyublar.
Assosiasiyanın sədri Turan Sadiqi AZƏRTAC-a bildirib ki, təşkilat üzvləri artıq üçüncü ildir Monte di Nese dağına baş çəkir, burada İtaliya müqavimət hərəkatının iştirakçıları olmuş və İkinci Dünya müharibəsinin sonlarında – 1945-ci ilin aprelində nasizmin və faşizmin qurbanı olmuş 120 azərbaycanlının xatirəsini yad edirlər. Azərbaycan övladlarının İkinci Dünya müharibəsində İtaliyanın müstəqilliyi uğrunda qəhrəmanlığı və fədakarlığı bu gün ölkələrimiz arasında dostluq əlaqələrinin dərin köklərinin olmasından xəbər verir, Qafqazdan Apenninədək uzanan bu dərin bağların gələcəkdə də uğurla inkişaf edəcəyini göstərir. Həmvətənlərimizin xatirəsinin əziz və uca tutulması bir ənənə kimi davam etdirilir, biz onları unutmadıq və unutmayacağıq”, - deyə T.Sadiqi qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma