İTKİN DÜŞMÜŞ, ƏSİR VƏ GİROV GÖTÜRÜLMÜŞ VƏTƏNDAŞLARLA ƏLAQƏDAR QANUN LAYİHƏSİ HAZIRLANACAQDIR
AZƏRTAC xəbər verir ki, iyulun 16-da Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Martin Amaşerlə görüşmüşdür.
B.Muradova bildirmişdir ki, Azərbaycan BQXK-nın ölkəmizdəki nümayəndəliyi ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycan münaqişəyə cəlb olunmuş ölkədir və separatizmdən əziyyət çəkir. Ermənistanın təcavüzü nəticəsində minlərlə azərbaycanlı itkin düşmüş, girov və əsir götürülmüşdür. Onların bəziləri haqqında bu günə qədər heç bir məlumat yoxdur. Bu baxımdan BQXK ilə əməkdaşlıq Azərbaycan üçün olduqca faydalı ola bilər.
Milli Məclis sədrinin müavini ölkəmizdə qeyri-hökumət təşkilatlarının, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin hüquqi tənzimlənməsinə dair qəbul olunmuş qanunlar barədə də ətraflı məlumat vermişdir.
Təmsil etdiyi qurumun ölkəmizdə gedən iqtisadi inkişafı yüksək qiymətləndirdiyini və rəsmi Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bildirən Martin Amaşer Azərbaycanın beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində parlamentin rolunu xüsusi qeyd etmişdir.
Bu baxımdan BQXK ilə Milli Məclis arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan M.Amaşer bildirmişdir ki, təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətlərindən biri də itkin düşmüş, girov və əsir götürülmüş şəxslər haqqında məlumatlar toplamaq və onların doğmalarına qaytarılmalarına yardım göstərməkdir. Komitə bu istiqamətdə fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə çərçivə sazişi imzalamışdır. BQXK belə hesab edir ki, sazişdən irəli gələn müddəaların yerinə yetirilməsi, eləcə də qarşıya qoyulmuş məqsədə nail olunması üçün əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar qanun hazırlanmalı, itkin düşmüş şəxslərlə bağlı dəyirmi masa təşkil edilməlidir.
Sonra qonaq MDB Parlament Assambleyasının sosial siyasət və insan hüquqları komissiyasının əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar hazırladığı model qanunun nüsxəsini, eləcə də BQXK-nın müvafiq sənədlər toplusunu B.Muradovaya təqdim etmişdir.
B.Muradova da öz növbəsində itkin düşmüş vətəndaşlarla əlaqədar dəyirmi masa və ictimai dinləmələrin təşkilinin vacibliyini qeyd etmişdir. O, itkin düşmüş vətəndaşlarla əlaqədar qanun hazırlanması üçün parlamentin müvafiq komissiyalarına və şöbələrinə konkret tapşırıqlar veriləcəyini, belə bir qanunun parlamentin yaz sessiyası dövründə müzakirəyə çıxarılmasının mümkünlüyünü qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.