CƏMİYYƏT
İtkin düşmüş şəxsin xanımı: Dövlət qurumlarının gördüyü tədbirlər itkinlərimizin tapılmasına ümid yaradır
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans bütün itkin düşmüş şəxslərin ailələrində, o cümlədən mənim ailəmdə çox böyük ümid yaradır. Otuz ildir ümidlə ümidsizlik arasında çox ağır mühitdə əzizini tapmayan, hər zaman qəlbi param-parça olan itkin düşmüş şəxslərin ailələrinin taleyinə aydınlıq gətiriləcəyinə inanıram. Arzu edirik ki, bu tədbirlər mütəmadi olaraq keçirilsin.
Bunu AZƏRTAC-a müsahibəsində itkin düşmüş şəxsin ailəsinin üzvü Fəridə Cabbarova deyib.
“44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən sonra bizdə ümid yarandı ki, itkinlərimiz haqqında məlumat ala biləcəyik. Azərbaycanda çoxlu sayda itkini olan ailə var. Övladlarımın ata deyərək, məzarına həsrət qalaraq böyümələri bizim kimi ailələrin ürəyini dağlayır. İtkin düşmüş şəxslərin ailələrinin üzvlərindən eşitdiyim bir söz var ki, bir məzara qurban deyərəm, təki itkin düşən yaxınım barədə xəbər gəlsin. Bu baxımdan, dövlət qurumlarının gördüyü tədbirlər itkinlərimizin tapılmasında bizə böyük ümid verir”, - deyə F.Cabbarova vurğulayıb.
Qeyd edək ki, beynəlxalq tədbir Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə keçirilir.