İYUN AYINDA ŞİRVAN RET-DƏ 336 POZUNTU FAKTI QEYDƏ ALINMIŞDIR
“Azərenerji” açıq səhmdar cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin iyun ayında müvafiq icra strukturlarının və yerli hüquq-mühafizə orqanlarının iştirakı ilə “Şirvan Regional Enerji Təchizatı” (RET) məhdud məsuliyyətli cəmiyyəti üzrə keçirilmiş reydlərin gedişində elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı 336 fakt qeydə alınmışdır. Bu, əvvəlki ayla müqayisədə 171 fakt azdır.
Pozuntu faktları ilə əlaqədar istifadə edilmiş elektrik enerjisinin haqqının məcburi qaydada öyrənilməsi üçün müvafiq aktlar tərtib edilmişdir. Beləliklə, itirilmiş elektrik enerjisinin təqribən 2,2 milyon kilovat-saatının dəyəri bərpa olunmuşdur.
Ümumiyyətlə, cari ilin ilk altı ayı ərzində bu RET üzrə elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə əlaqədar 3100-ə yaxın fakt aşkar edilmiş və müvafiq aktlar tərtib olunmuşdur. İtirilmiş 11,6 milyon kilovat-saata yaxın elektrik enerjisinin dəyəri bərpa edilmişdir. Bu məbləğin çox hissəsi artıq ödənilmişdir.
Pozuntuların qarşısını almaq üçün tezliklə yeni tipli sayğaclar - fərdi abonent kartları tətbiq ediləcəkdir. Birinci mərhələdə bu tipli sayğacları Şirvan şəhərində, Sabirabad və Hacıqabul rayonlarında tətbiq etmək planlaşdırılır.
Xatırladaq ki, Şirvan RET-in tərkibinə Şirvan şəhər şəbəkəsi və Şabirabad, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul rayonlarının paylaşdırıcı elektrik şəbəkələri daxildir.