İyunun sonunda Ursula Fon der Lyayenin taleyi həll olunacaq
Brüssel, 20 iyun, AZƏRTAC
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel jurnalistlərə bildirib ki, Aİ-nin dövlət və hökumət başçıları Ursula Fon der Lyayenin yenidən Avropa Komissiyasının rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı hələlik razılığa gələ bilməyiblər.
AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, Fon der Lyayenin Aİ-nin gələcəyi ilə bağlı fikirlərini bölüşdüyünü qeyd edən Mişel, eyni zamanda, yekun qərarın verilmədiyini bildirib.
“Euractiv” nəşri yazır ki, Avropa Komissiyası, Avropa Şurası və Aİ-nin xarici siyasət xidmətinin rəhbərlərinin təyin edilməsi məsələsinin iyunun sonunadək həll edilməsi planlaşdırılır. Bu məsələnin iyunun 27-28-də Brüsseldə baş tutacaq Aİ sammitində diqqət mərkəzində olacağı gözlənilir.
Qeyd edək ki, Avropa Komissiyası iqtisadi blokun seçilmiş proqramlarının və strateji istiqamətlərinin həyata keçirilməsinə cavabdeh olan Aİ-nin ali icraedici orqanıdır. Avropa Komissiyasının Sədri postu siyasətçiyə Avropanın gələcəyinə təsir etmək üçün geniş imkanlar yaradır.
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel