İZVESTİYA AZƏRBAYCAN İZVESTİYA
TEMATİK ƏLAVƏ
Neft kəmərləri çəkmək ideyası Bakıda yaranmışdır
Bunun müəllifi böyük rus alimi Dmitri Mendeleyevdir
Maqnat Nobel Xəzərdə nələrə sahib idi
Həmin vaxt onun artlq öz donanması vardı
Bakılılarla yan-yana kimlər yaşayır
Ruslar və tatarlar yaşayış yerlərini dəyişmək niyyətində deyillər
Cənnətməkan
Rəssam Tahir Salahov vətən və Rusiya haqqında
Bakı keçmiş şöhrətini özünə qaytarır. Şəhər öz tarixi taleyinin qaçılmazlığına görə yenidən Qafqazın paytaxtına, beynəlxalq işgüzar mərkəzlərdən birinə, işləmək üçün əlverişli, sərmayələr üçün sərfəli yerə çevrilir. İndiki halda, paytaxt olaraq Bakı pul qazanmağı bacaranlar üçün ölkənin açıq qapısıdır. Bakı öz kommersiya maraqlarını təkcə neft sahəsində deyil, sağlamlaşan Azərbaycan iqtisadiyyatının digər sahələrində də görənlər üçün tramplindir.
Respublikanın paytaxtı olan Bakı istər tarixi, istərsə də coğrafi cəhətdən Cənubi Qafqaz regionunda həmişə mərkəzi yer tutmuşdur. İndiki şəraitdə bu rola yenidən ehtiyac var. Buna təkcə ölkənin getdikcə genişlənən beynəlxalq işgüzar əlaqələri deyil, dünya biznesinin Azərbaycana marağı da imkan yaradır.
Bunun başqa bir mühüm səbəbi də respublika iqtisadiyyatının yüksək sürətlə inkişaf etməsidir. Xatırladaq ki, ÜDM-nin orta illik artımı 9-10 faizdir.
Şəhərdə tikinti sahəsində görünməmiş canlanma var. İndi Bakıda Türkiyə, Almaniya, ABŞ, İran və digər ölkələrin firmaları müxtəlif təyinatlı binalar ucaldırlar. Əcnəbi sərmayəçiləri aydın və ədalətli biznes qaydaları cəlb edir. Onlar yaşayış evləri, sosial-mədəni obyektlər və ticarət obyektləri, istehsal binaları tikirlər.
Ötən il Bakıda əsaslı tikintiyə 8,6 milyard manatdan artıq vəsait xərclənmişdir ki, bu da 2001-ci ilin göstəricilərindən, demək olar, iki dəfə çoxdur. Bu məbləğin 97 faizi xarici sərmayələrin payına düşür.
2002-ci ildə 82 721 kvadratmert, o cümlədən şəhərin 16 müəssisə və təşkilatının vəsaiti hesabına 29 065 kvadratmetr, əhalinin vəsaiti hesabına 53 656 kvadratmetr mənzil sahəsi istifadəyə verilmişdir. Şəhərin altı rayonunda fərdi tikinti aparılır.
Bu rəqəmlərə ötəri nəzər salanda belə bir nəticəyə gəlirsən ki, Bakı sakinləri “öz əmanətlərinin üstündə oturmurlar”. Deməli, yaxşılığa doğru başlanmış dəyişikliklərə, hətta bilmək istəyirsinizsə, ölkənin sabahına da inanırlar. Bakı öz ənənələri olan, qucağı açıq şəhərdir. Həyatda və cəmiyyətdə öz yerini, öz mövqeyini bacardıqca daha tez tutmağa çalışan yeni nəsil yetişmişdir. Qərar qəbul edənlər üçün bu da stimullaşdırıcı rol oynayır.
Bakı sözün bütün mənalarında mobil şəhərdir. İşləməyi, qurub-yaratmağı bacaran şəhərdir. Ailəliklə və dostlarla birlikdə mədəni istirahət etməyi də bacaran şəhərdir. İstirahət və bayram günlərində məşhur restoranlara düşmək də müşkül məsələdir. Əlbəttə, restoranlara heç də hamı getmir, cibi imkan vermir.
Bütün bunlar kənardan görünür, xüsusən də diqqətli adamlar görürlər. Lakin başlıcası budur ki, bakılılar ötən əsrin 80-ci illərinin axırlarında - 90-cı illərin əvvəllərində düşdükləri faciəli şokdan özlərinə gəlməyə başlamışlar.
Normal həyata qayıdış və gələcəyə sınayıcı baxış indi Bakı və Azərbaycan sakinlərinin ovqatının əsasını təşkil edir.
“İzvestiya-Azərbaycan” qəzetinin bugünkü buraxılışı Bakı şəhərinə, onun Moskva ilə dostluğuna, iki şəhər, iki ölkə - Rusiya ilə Azərbaycan arasındakı tarixi, mənəvi, insani əlaqələrə həsr olunmuşdur.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV:
ŞƏHƏRDƏ İŞLƏR YAXŞIDIRSA, ÖLKƏDƏ DƏ YAXŞIDIR
Bir çox bakılılar hələ də təəccüblənirlər ki, hakimiyyət sistemində az işləmiş adam birdən-birə təsərrüfatçılıq nümunələri, lazımi nəticələrə gətirib çıxaran idarəçilik səriştəsi nümayiş etdirir. Azərbaycan Prezidenti Heydər Əliyev Hacıbala ABUTALOBOVU Bakı İcra Hakimiyyətinin başçısı vəzifəsinə iki il əvvəl təyin etmişdir. Təsərrüfatçıq sahəsində, necə deyərlər, saç-saqqal ağardanlar heyrətlə deyirdilər: “Qəribə seçimdir”. Fizika-riyaziyyat elmləri doktoru Abutalıbov bir çox şəkkaklara göstərdi ki, öz işinin uğuruna əminsənsə, buna necə yetmək olar.
- Sizi şəhərin qeyri-adi rəhbəri hesab edirlər. Sizcə, niyə?
- Bilmirəm. Bəlkə ona görə ki, mən şəhərin işləri ilə tam ciddiyyətlə məşğul oluram. Bəlkə ona görə ki, məni aldatmaq, yaxud ələ almaq olmaz. Bilmirəm. Ola bilsin, kimsə fikirləşir ki, bu vəzifədə belə təmiz olmaq mümkün deyildir. Bəli, şəxsən özümə də aid olan tələbkarlığımdan əməkdaşlarım da əziyyət çəkirlər.
- Bakı ticarət şəhəridir. Bəs, ən başlıcası, şəhərdə hökm sürən kortəbii küçə ticarətinin əleyhinə necə gedə bildiniz?
- İlk öncə, görürdüm ki, bakılılar belə biznesdən təngə gəlmişlər. Bakı sakinləri hiddətlənirdilər. Əslində, hamı başa düşürdü ki, belə olmaz. Bilən də yox idi ki, bəs, bu işə kim girişəcəkdir? Özü də nədənsə hamı əmin idi ki, bu işin öhdəsindən heç kim gələ bilməz. Amma şəhərin icra hakimiyyəti öz işini vicdanla gördü. Əgər bakılılar bunun nəticəsini görürlərsə, deməli, Bakının icra hakimiyyəti, sovetsayağı demişkən, boş-bekar oturmur.
- Axı, siz buna necə müvəffəq oldunuz?
- Demokratik üsulla - ən çətin yolla. Heç kim heç kimi dəyənəklə hədələmədi.
- Azərbaycanda icra hakimiyyətinin başçılarını respublika prezidenti təyin edir. Siz Bakı icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunarkən qarşınıza hansısa vəzifələr qoyuldumu?
- Qoyuldu: Bakı təmiz, gözəl, abad, yaşıllaşdırılmış şəhər olmalıdır. Üstəlik, qayda-qanun hökm sürməlidir.
- Şəhərin miqyası, heç olmasa, fiziki miqyası sizi qorxutmurmu?
- Açığını desək, yalnız Kainat nəhayətsizdir, şəhər isə insanlar, problemlər, onların mənafeləri deməkdir, şəhər buradakı uşaqlardır, gələcək nəslimizdir. Saysız-hesabsız problemlər deməkdir. Həm də bugünkü problemləri həll etmək, sabahkıları isə əvvəlcədən görmək lazımdır.
- Bu gün Bakı özlüyündə nə deməkdir?
- O, ilk öncə, elə bir şəhərdir ki, burada, sözün əsl mənasında, tikə və öz həyatını qura bilərsən. Yəni, ev də tikə, planlar da qura bilərsən. Bakıda tikinti sahəsində görünməmiş canlanma hökm sürür. Təkcə əcnəbilər və ya yerli sahibkarlar deyil, bələdiyyələr də sərmayə qoyurlar. 1982-ci ildən sonra, ümumiyyətlə, Bakıda tikinti sahəsində belə canlanma olmamışdı. Ola bilsin, kimlərsə xatırlamaq istəmir ki, məhz o vaxtadək respublikanın rəhbəri Heydər Əliyev Azərbaycanda vüsətli mənzil tikintisi proqramı elan etmişdi.
Bu gün lazım sayılanların artıq dünən zəruri olduğunu illər ötdükdən sonra anlamışıq.
- Zəmanə dəyişibdir. İndi tikinti, özü də istənilən tikinti biznesdir. Bakı biznesmenlərin tikinti bazarında fəaliyyət göstərməsinə hansı şərtlərlə, qaydalarla icazə verir?
- Bakıda tikinti çox geniş miqyasda gedir. Amma bizim bir tələbimiz var: nə tikilirsə, o, şəhərin memarlıq ansamblına uyğun gəlməlidir. 1920-ci ilədək tikilənlərin hamısı bizim sərvətimizdir. Biz şəhərin tarixi hissəsində memarlığın simasını qoruyub saxlamalıyıq. Bunun müzakirəyə ehtiyacı yoxdur.
- Lakin Bakının tarixi hissəsinin yaxınlığında çoxlu hündür binalar tikilir. Onlar köhnə tikililəri kölgədə qoyur, artıq şəhərin yeni simasını müəyyənləşdirir. Bu, sizi təşvişə salmırmı?
- Biz bunun əleyhinə deyilik. Binaların hündürlüyü tarixin, tarixi abidələrin əzəmətini kölgədə qoya bilməz.
- Bununla belə, daha hansı qaydalar məcburidir?
- Sərmayəçi bilməlidir: tikəcəksənsə, kommunikasiyaları təzələməlisən. Onlar hökmən təzələnməlidir. Biz bundan sonra ev tikmək hüququnu veririk. Bəzən sərmayəçilər özlərini bilməməzliyə vuraraq soruşurlar: kommunikasiya nə olan şeydir? Vladimir Vısotski demişkən, sanki cahillərə izah edirəm: bu, o deməkdir ki, firma kommunikasiyaları- kanalizasiyanı, elektrik xətlərini, su kəmərini, qızdırıcı xətləri, qaz kəmərini təzələməli, yaxud da yenilərini çəkməlidir və sairə. Biz yalnız bu şərtlər yerinə yetirildikdən sonra onların tikintini davam etdirməsinə icazə veririk.
Daha bir tələb: nə qədər istəyirsiniz, neçə mərtəbəli istəyirsiniz, tikin, biz bunun əleyhinə deyilik, amma bu evlərin altında mütləq qarajlar da tikin. Bu qarajlar mənzillərdən iki dəfə böyük olmalıdır.
- Tam aydın olmadı...
- İzah edirəm. Məsələləri sistemli şəkildə həll etmək lazımdır. Əgər biz şəhərdə qərarlar qəbul ediriksə, buna görə yuxarı hakimiyyət dairələri cavabdeh olmamalıdır. Mən icra hakimiyyətinin başçısı kimi, şəhərdə işlərə görə öz məsuliyyətimin səviyyəsi barədə düşünməyə borcluyam.
- Hətta, bu məsələdə də?
- Bəli. Əhalinin sosial imkanları artır. Onlar mənzil tikintisinə pul qoyurlar, onlar nəinki kvadratmetrləri, həm də yaşayış üçün əlverişli, rahat şəraiti satın alırlar. Gələcək barədə fikirləşmək lazımdır. Ölkəmizdə həyat yaxşılaşır. Get-gedə gəlirlər də artacaqdır. Biz proqnozlaşdırırıq ki, belə mənzil almaq imkanı və maşını olan ailə bir müddətdən sonra başqa birisini ala biləcəkdir. Bu maşınlar isə küçədə qalmamalıdır. Yəni, mütləq qaraj olmalıdır. Həm də onlar ancaq yeraltı qarajlar olmalıdır.
Biz firmalara hətta həyətlərdə də yeraltı qarajlar tikməyə ixtiyar veririk. Qarajların üstündə isə mütləq uşaq və idman meydançaları olmalıdır.
- Vəssalam, tələblər bununla da bitir?
- Yox. Biz firmalara üçüncü tələb də irəli sürürük. Əgər onlar şəhərin bu və ya digər sahəsində hər hansı bir bina tikməyə girişirlərsə, öz layihələri çərçivəsində bütün məhəlləni şəhərsalma siyasəti kontekstində görməlidirlər. Məhəllədə hər şeyi yığışdırmalı, yaxud onu müasir tələblərə uyğunlaşdırmalıdırlar, özü də məhəllənin yalnız bir hissəsini deyil, bütövlükdə. Bundan sonra həmin məhəllə sizindir.
- Yəni, bütün sahəni təmizləmək lazımdır?
- Tamamilə doğrudur. Bir halda ki, mənzil tikirsən, onda zəhmət çək, sənin mənzillərinin gələcək alıcıları ilə kimlərin yaşayacağı barədə düşün. Birmərtəbəli, beşmərtəbəli evlərin yanında hündür binalar tikilməsi həmişə arzuedilməz nəticələr doğurur. Bu evlər, adətən, çox pis vəziyyətdədirlər. Sənə hətta ayrılmış tikinti sahəsinə, bax, bir də buna görə sistemli şəkildə yanaşmaq gərəkdir.
- Yollar necədir? Onlar təzələnir. Deyirlər ki, siz bu işdə Lujkovu təqlid edirsiniz? Buna nə deyə bilərsiniz?
- Yuri Mixayloviçə hörmətim var. O, Vətəninə xidmət etmək üçün öz yolunu aydın olmayan fiziki-riyazi şəraitdə tapmış bir insandır. O ki qaldı yollara - insanlar arasında ünsiyyət yoldan başlanır. Şəhərdə də, kənddə də, qohum-əqrəba arasında da. Ölkələr və xalqlar arasında da. Lujkov bu mənada haqlıdır: nail olmağa çalışdığımıza, təki yol olsun. Odur ki, Bakıda, Azərbaycanda yaxşı yollar da yaxşı əlamətdir. Yaxşı yolla gedən adamların əhvalı da yaxşı olur - bu isə çox şey deməkdir. Artıq bu, ümid deməkdir. Şəhər kimi mürəkkəb sistemdə işlər yaxşı olanda, ölkədə də yaxşı olur.
QEYRİ-RƏSMİ MER MÜSAHİBƏDƏN SONRA. MƏHRƏM DÜŞÜNCƏLƏR
Bizi Allah yaratmışdır. Əgər biz Allahımızın birliyini və hamımızın onun bəndələri olduğunu düşünsək, bunu heç vaxt unutmasaq, mehriban yaşayarıq, onda həmişə əmin-amanlıq olar. İnsan həyata yaratmaq, dünyanı gözəlləşdirmək üçün gəlir. Hər nəslə şər işlər görmək, yaxud yaratmaq üçün bir möhlət verilmişdir. Seçim etmək üçün ayrı vaxtımız yoxdur. İnsan bilməlidir ki, həyatda ən başlıcası ona verilən ömürdür. O, ya insanlarla birgə addımlayır, ya da yalnız özü üçün, xudbin mənafeləri üçün yaşayır.
Allah bizi pak yaratmışdır və biz ömrümüzün sonunadək mütləq pak qalmalıyıq. Həm də, Allah bizi mələklə birgə yaratmışdır. Elə yaşamalıyıq ki, həmin mələk bizi tərk etməsin, bizi qorusun. Əgər Allahın istədiyi kimi hərəkət etməsək, mələk bizi tərk edəcək, onun yerinə isə mütləq şeytan gələcək. Bax, onda biz dönüb iblis olacağıq. İnsanları elə tərbiyə etmək lazımdır ki, Allahın hər bir bəndəsi üçün yaratdığı mələk insanın qəlbində axıradək yaşasın. Əgər bütün insanlar mələklərlə can bir qəlbdə yaşasalar, əminəm ki, onların arasında heç bir ixtilaf olmaz. İnsanlar yanmalı və bu odla digər insanları isindirməlidirlər. Yalnız belə olduqda onlar yaradacaqlar. Yaradıcı insanlar hökmən elə edəcəklər ki, ətrafdakı insanlar gərək rahat yaşasın, qayğı və diqqətlə əhatə olunsun, bir-biri ilə yanaşı yaşayan insanlar salamlaşmaqdan utanmasınlar.
Təəssüf ki, səmimi və saf hisslər bizi tərk edir. Bunsuz isə biz tək-tənhayıq. Bizdə çatışmayan, bax, bunlardır.
BAKI HAQQINDA NƏ BİLİRİK...
Bakı Xəzər dənizinin içərisinə 60 kilometr uzanmış Abşeron yarmadasında yerləşmişdir. Ən iri nəqliyyat qovşaqlarından biridir. Müstəsna coğrafi vəziyyətə malikdir.
Şəhərin adı - “Bakı” “küləklər şəhəri” deməkdir. Mütəxəssislərin dediyi kimi, vaxtaşırı və ən güclü əsəni Aakı nordu- yerli sakinlərin “xəzri” adlandırdıqları şimal küləyidir.
Bakı qədim şəhərdir. Arxeoloji qazıntılar sübut edir ki, təxminən V əsrdən başlayaraq bu bərəkətli torpaq daimi məskən salmaq üçün cəlbedici olmuşdur.
Tarixi keçmişə qayıtsaq, məlum olacaq ki, arxeoloqların məlumatına görə, 35-40 min il bundan əvvəl Abşeron yarmadasında kərgədanlar, şirlər, pələnglər, marallar, canavarlar yaşayır, püstə, ardıc, yulğun, nar... ağacları bitirdi. Alimlər deyirlər ki, o vaxt da yarmadanın iqlimi isti və quru idi.
BAKIDA KİM YAŞAYIR
Bakı çoxmillətli şəhərdir. Burada müxtəlif millətdən olan adamlar yaşayır: azərbaycanlılar- 86,1 faiz, ruslar- 6,5 faiz, tatarlar- 1,5 faiz, ukraynalılar- 1,4 faiz, ləzgilər -1,4 faiz, türklər- 0,06 faiz. Bir çox digər xalqların nümayəndələri də var.
İNDİ BAKILILAR NƏ QƏDƏRDİR
Azərbaycanın paytaxtı 2132, 2 kvadrat kilometr ərazidə yerləşir, 11 inzibati rayonu, 47 şəhər tipli qəsəbəni əhatə edir. 2003-cü il yanvarın 1-nə olan məlumata görə, şəhərin əhalisi 1827,5 min nəfər, qaçqınlar (93,4 min nəfər) və məcburi köçkünlər (153,4 min nəfər) nəzərə alınmaqla isə 2074,3 min nəfərdir.
...VƏ NƏ BİLMİRİK
DMİTRİ MENDELEYEV VƏ NEFT KƏMƏRLƏRİ
Neft emalı sənayesinin inkişafı 1863-cü ildə böyük alim D.İ.Mendeleyevin Bakıya gəlməsi ilə əlaqədar idi. O, neftin ayrılması metodikasını təkmilləşdirmişdir. Bakı mədənlərindən nefti nəql etmək üçün boru kəmərləri tikməyi məhz o təklif etmişdir. O, Bakı ilə Batumi arasında neft kəməri çəkilişinin iqtisadi cəhətdən məqsədəuyğun olmasında təkid edirdi. Mendeleyevin təklifi ilə nefti xüsusi mayedaşıyan gəmilərdə daşımağa başladılar.
BAKI NEFTİ: MƏSƏLƏNİN TARİXİ
Abşeronda, yəni Xəzər dənizində, neft hasilatının güclü inkişafı 1872-ci ildən başlamışdır. Həmin il Bakı cəmi 1,4 milyon pud neft verirdi, 1900-cü ildə isə 601 milyon puda çatmışdı. Bu isə Rusiyada neft hasilatının 95 faizini, bütün dünyada isə yarıdan çoxunu təşkil edirdi. Bakı nefti sürətlə dünya bazarında möhkəmlənməyə və küllü miqdarda gəlir gətirməyə başladı.
Məhz həmin illərdə bir çox ölkələrin sahibkarları - Nobel və Rotşild və başqaları Bakıya üz tutdular. Yeri gəlmişkən, “Nobel” firması nəinki neft hasilatı və emalı ilə, o həm də neftin alqı-satqısı ilə məşğul olurdu. Onun iri neft mədənləri və neft emalı zavodları, elektrik stansiyası, qaz, sulfat turşusu, ağac emalı və çəllək zavodları var idi. Bundan başqa, onun neftdaşıma donanması və Xəzər dənizində limanı da var idi.
BAKI 1913-CÜ İLDƏ
Əhalinin artım sürətinə görə, Bakı 1913-cü ildə Cənubi Qafqazın bütün şəhərlərini ötüb keçmişdi. 1897-ci illə müqayisədə əhali təxminən 2,5 dəfə artaraq, 300 min nəfərə çatmışdı. Əhalisinin sayına görə Bakı Rusiyada beşinci yeri tuturdu və yalnız Peterburqdan, Moskvadan, Kiyevdən və Odessadan geri qalırdı. Artıq XIX əsrin sonunda şəhərdə tikinti işində canlanma müşahidə olunmağa başlandı - sürətlə yeni küçələr və məhəllələr salınırdı. Bakı hay-küylü, qələbəlik şəhərə çevrilirdi. O dövrü görənlər öz xatirələrində yazırdılar ki, “şəhərin gah bu, gah da digər yerində yeni agentliklərin, mehmanxanaların binalarının, gəlir evlərinin tikintisi başa çatırdı”. Konka işləməyə, küçələr qaz fənərləri ilə işıqlandırılmağa başladı. Şəhərin mərkəzində torpaq sahəsi od qiymətinə idi.
BAKI VƏ MAİLİ QAZMA
İndi bütün dünyada tətbiq olunan yeni qazma üsulu hələ 1930-cu ildə məhz Bakıda işlənib hazırlanmışdı. Bu üsulla quyular şaquli yox, maili qazılır. Belə qazma zamanı qülləni lazım olanda yataqdan xeyli aralıda qoymaq mümkündür. Vaxtilə Bakının həndəvərində maili qazma quyularının köməyi ilə şəhər məhəllələrinin altından da neft çıxarılırdı. Maili qazma üsulu əsasında yenə də bütün dünyada tətbiq edilən kut qazma üsulu işlənib hazırlandı. Bu üsulla bir əsasdan neft ehtiyaları olan böyük sahəni əhatə edən 10-12 quyu qazılırdı. Bu üsul artıq həmin dövrlərdə böyük dərinliklərdə - 5 min metr dərinliyədək qazma işləri aparmağa imkan verirdi.
Bütün bu qabaqcıl texnologiya sovet dövründə geniş tətbiq olunmadı. Dünyanın aparıcı neft hasilatçıları isə ondan istifadə etməyə başladılar. Hər halda, Şimal dənizində neft hasil edən norveçlilər yeni üsulun əsl müəlliflərinə minnətdarlıqlarını bildirməkdən çəkinmirlər.
BAKI
Bakı əziz şəhər mehriban diyar,
Sinəndə boy atdım, oldum bəxtiyar,
Səndə ilk eşqimin yadigarı var.
Nəqarət: Sən mənim şöhrətim,
Şərəfim şöhrətim,
Tükənməz dövlətim, əzizimsən.
Gözəl Bakı.
Baxdıqca doymuram gözəlliyindən,
Şirin nəğmə qədər sevimlisən sən,
Hər yerdə, hər yanda deyəcəyəm mən.
Tahir SALAHOV:
MOSKVALILARLA BAKILILARI BİR-BİRİNƏ
DOĞULDUQLARI YERDƏN DAHA MÜHÜM
TELLƏR BAĞLAYIR
SSRİ, Rusiya və Azərbaycanın xalq rəssamını, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentini xüsusi təqdim etməyə ehtiyac yoxdur. Onu hamı tanıyır. Yaradıcılığı da məlumdur və qəbul edilmişdir. Bir insan kimi də öz ideallarını siyasi dəb xatirinə dəyişməmişdir. Yüksək tutduğu dəyərlər barədə onun öz dilindən eşitmək xüsusilə əhəmiyyətlidir. O, anadan olduğu yerə görə bakılı, taleyinə görə isə moskvalıdır. Lakin bütün bunları bölmək olarmı?
-Bakı və Moskva - bu iki şəhər sizin həyatınızda nə deməkdir?
-Hər şeyin əsası. Təşəkkül. Bakı və Moskva mənim həyatımda, belə demək mümkünsə, heç kimin və heç nəyin əvəz edə bilməyəcəyi yer tutur. Yəqin, taleyin hökmü belə imiş, bir çoxları -azərbaycanlılar, ruslar kimi, mən də bunun üçün öz taleyimə minnətdaram. Moskvalıları bakılılarla bir-birinə doğulduqları yerdən daha mühüm tellər bağlayır.
Bakı mənim uşaqlıq illərimin şəhəridir. Ağır, müharibə dövrünə təsadüf edən uşaqlığım. Hər şey yaddaşımda və qəlbimdə qalmışdır. İnsanlar məhrumiyyətlərə baxmayaraq, öz ləyaqətlərini itirmir, işləyirdilər. O dövrün ən güclü təəssüratlarından biri budur ki, ağlasığmaz dərəcədə ağır şəraitdə cəbhə üçün necə neft hasil edilirdi. Bax, buna görə də mənim rəssam həmkarlarımın çoxu artıq başqa dövrdə neft mədənlərində əməyin gözəlliyini və dramatizmini əks etdirməkdən özlərini saxlaya bilməmişlər.
-Doğma şəhərdə tez-tez olursunuz?
-İmkan düşən qədər. Bu, adətən, iki ayda bir dəfə olur. Orada mümkün qədər çox - bir, bəzən də iki həftə qalmağa çalışıram. Son illər məzuniyyətimi orada keçirirəm. Azərbaycanın yayı mənim üçün cənnət məkandır.
-Adətən, kimlərlə görüşürsünüz?
-Bilirsiniz, bu səfərlər çox sakit, ailəvi xarakteri daşıyır. Onlar ruhi rahatlıq üçün lazımdır. Anamın qəbri Bakıdadır, iki qardaşım orada dəfn olunmuşdur. Bacım, başqa qohumlarım orada yaşayır. Onların qarşısında ənənəvi öhdəliklərim vardır. Bu öhdəliklərdən yayına bilmirəm. Bizim ailədə hər şey həyatda olduğu kimidir.
Bakıda özümü rahat, əmin-amanlıqda hiss edirəm. Müstəqilliyin ilk illərinin ağır sınaqlarına və hərc-mərcliyinə baxmayaraq, şəhər ənənəvi qonaqpərvərliyini itirməmişdir. Bu gün Bakıda rahatlıqdır.
-Bakıda özünüzü kim hesab edirsiniz? Moskvalı qonaq, yoxsa bakılı moskvalı?
-Maraqlı sualdır. Bu barədə heç vaxt düşünməmişəm. Hərçənd, gəlin, belə deyim: toplananların yerini dəyişməklə cəm dəyişməz.
-Necə bilirsiniz, Bakı dəyişirmi? Hansı dəyişikliklər sizin üçün əhəmiyyətılidir?
-Bakıya iki il bundan əvvəl yeni mer gəlmişdir. Qeyri-adi şəxsiyyətdir. Fizika-riyaziyyat elmləri doktorudur. Görünür, o, şəhəri hərəkətə gətirə bilən həmin “Arximed vasitəsini” tapa bilmişdir. Şəhərin yeni memarının da fəaliyyətini qiymətləndirmək lazımdır. Bakı hərc-mərclikdən, tikinti, memarlıq qarma-qarışıqlığından, - bu sözə görə üzr istəyirəm, - qurtarmağa başlayır. Dəyişikliklər çoxdur. Şəhər ən yüksək dünya standartlarına uyğunlaşmağa başlamışdır. Bakının dünyada ən abad meqapolislərdən biri olmaq üçün bütün imkanları var.
-Necə fikirləşirsiniz, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın əsasını nə təşkil edir?
-Bizi əsrlərlə bir-birimizə bağlayan dəyərlər vardır. Rusiyada Azərbaycanı sevirlər - mən bunu təsdiq edə bilərəm. Azərbaycanda da Moskvanı və Rusiyanı sevirlər. Bu, qarşılıqlıdır.
-Siz rəssamsınız. Ətrafda baş verənləri daha yaxşı görürsünüz. Müasir Moskva barədə nə deyə bilərsiniz?
-Zənnimcə, bu gün Moskva dünyanın ən yaxşı şəhərlərindən biridir. Son on ildə Moskva 50 ilə bərabər sıçrayış etmişdir. Bəlkə ondanda çox. Həm də demək lazımdır ki, şəhər, əslində, ötən dövrün saldığı yarıdağınıq, eybəcər vəziyyətdən çıxmağa başlayır. Bu cür nəhəng meqapolisin belə sürətlə dirçəlməsi faktı xatirimə gəlmir. Bu heç də sürrealizm deyildir. Bununla belə, tarixin bütöv dövrlərini silib atmaq meylləri məni məyus edir.
-Hələ on il bundan əvvəl (1992-1993-cü illər) adama elə gəlirdi ki, Azərbaycan daxili siyasi cəkişmələrə görə müstəqil dövlət kimi təşəkkül tapmayacaqdır. Bu gün ölkənin vəziyyətini necə qiymətləndirirsiniz?
-Mən Azərbaycanı sevirəm. Belə hesab edin ki, mən Azərbaycanın rusiyalı azarkeş, həm də Rusiyanın azərbaycanlı azarkeşiyəm. Mən Rusiyanı sevirəm. Məncə, Azərbaycan düzgün yoldadır - demokratiyanın və bazar iqtisadiyyatının təcrübəsini öyrənir. Hər şeyin dərsliklərdəki kimi baş verməsi üçün hələ az vaxt keçmişdir.
Mühüm olan budur ki, Azərbaycan bu yolda sürətini artırır. Ən başlıcası, ölkə özünə gəlmişdir.
-Sizin fikrinizcə. “Azərbaycan Moskvası ” nə deməkdir?
-Əlbəttə, insan, əsasən, yaxında, yanında olanı görür. Məsələ də elə ondadır ki, biz bir-birimizin yanındayıq, kənarda yox, yanaşıyıq. Mənim sərgimə gəlmək olar, Azərbaycan soyadlı cərrahın qəbuluna gəlmək olar, bütün ömrünü Rusiyanın tarixinə həsr etmiş alimin yanına gəlmək olar... Bu, bir yana, sadəcə olaraq, bazara girmək və mənim həmyerlimi görə bilərsən. Biz, sadəcə, moskvalıyıq. Bu mənəvi və tarixi əlaqəni heç bir qüvvə qıra bilməz. Biz bir-birimizə lazımıq.
Qayaz ALİMOV
TƏLƏBƏLƏR ŞƏHƏRİ
Bakının 336 ümumtəhsil məktəbində 403.273 şagird oxuyur. Onların 330-u (401.599 şagird) dövlət məktəbidir. 20 dövlət orta ixtisas məktəbində 24 418 tələbə, 1 özəl kollecdə 416 şagird təhsil alır. Şəhərdə 19 dövlət ali məktəbi fəaliyyət göstərir. 76.237 tələbədən 61.650-si əyani təhsil alır.
Bakı Şəhəri İcra Hakimiyyəti tikinti proqramı hazırlanmışdır. Proqrama uyğun olaraq, 2003-cü ildə daha 2 məktəb, 1 uşaq bağçası, 1 poliklinika, doğum evi üçün əlavə korpus və 23 kommunal təsərrüfatı obyekti inşa etmək nəzərdə nəzərdə tutulmuşdur.
QONAQLARI BEŞULDUZLU MEHMANXANALAR GÖZLƏYİR
Bakıda 2480 yerlik 17 mehmanxana fəaliyyət göstərir. Onların 3-ü 453 yerli 3 beşulduzlu mehmanxanadır/”Avropa” mehmanxanası - 94 yer, “Həyat Recensi -Naxçıvan” -319 yer, “Plaza”- 40 yer/. Bundan əlavə, çoxlu sayda yüksək səviyyəli kiçik mehmanxanalar da qonaqların yolunu gözləyir.
YÜKSƏK SƏVİYYƏLİ YOLLAR VƏ MƏNZİLLƏR
Bakı xam neftin hasilatından onun istehlakçıya çatdırılmasınadək texnoloji proseslərin bütün mərhələlərini özündə birləşdirən güclü neft kompleksidir.
2002-ci ildə Bakıda 14,8 milyon ton neft hasil edilmişdir ki, bu da 2001-ci illə müqayisədə 3,6 faiz çoxdur. Bu, “bp-AMOCO” şirkətinin hasilatı artırması hesabına mümkün olmuşdur.
Şəhər ərazisində müxtəlif məhsul istehsal edən 1167 sənaye müəssisəsi var.
2002-ci ildə Bakıda 12 934,1 milyard manatlıq məhsul istehsal edilmişdir.
2002-ci ildə şəhərdə 610 min kvadratmetr avtomobil yolu təmir edilmiş və buna 20,2 milyard manat dövlət vəsaiti sərf olunmuşdur.
2003-cü ildə 750 min kvadratmetr yolu əsaslı təmir etmək, Nizami rayonundakı Şərifli küçəsində 30 min kvadrat metrlik yeni yol salmaq nəzərdə tutulur.
2002-ci ildə Bakı şəhərinin büdcəsi hesabına 50,207 milyard manatlıq əsalı təmir işləri apaılmışdır. Həmin vəsaitin 3,118 milyard manatı mənzil fondunun, 30,267 milyard manatı yolların, 13,800 milyard manatı kommunal obyektlərin, 0,400 milyard manatı xalq təhsili obyektlərinin, 1,170 milyard manatı səhiyyə obyektlərinin, 0,972 milyard manatı mədəniyyət obyektlərinin, 0,360 milyard manatı sosial təminat obyektlərinin, 0, 120 milyard manatı inzibati obyektlərin əsaslı təmirinə sərf olunmuşdur.
Paytaxtda genişmiqyaslı bəpa-abadlıq işləri aparılmışdır. Qısa müddət ərzində Bakı şəhərinin bütün rayonlarında, qəsəbələrində, kücə və meydanlarında, istirahət guşələrində, vağzallarında nümunəvi qayda-qanun və təmizlik yaradılmışdır.
AZƏRBAYCANIN RUSDİLLİ İCMASININ DAHA ÇOX TANINMIŞ NÜMAYƏNDƏLƏRİ:
BARİNOVA Lyubov, Slavyan Mədəniyyəti Mərkəzinin direktoru;
KOJENİKOVA Mariya, Şamaxı rayonu, Çuxuryurd kənd bələdiyyəsinin başçısı;
MAYOROV Veniyamin, Moskva Açıq Universiteti Bakı filialının prorektoru;
QRİTÇENKO Aleksandr, Xəzər Hərbi Donanması veteranlar komitəsinin liderlərindən biri;
ŞAROVSKİ Aleksandr, Rus Dram Teatrının bədii rəhbəri, Azərbaycanın xalq artisti;
DUXOVNAYA Lyudmila, Azərbaycanın xalq artisti;
MEFTAHƏDDİNOVA Zemfira, stend atıcılığı üzrə dünya və Olimpiya çempionu;
ŞUBİNA Lyudmila, həndbol üzrə Olimpiya çempionu;
Siyahı bununla bitmir. Ruslar və ya rusdillilər bütün sahələrdə təmsil olunmuşlar. Onlar alim, həkim, müəllim, fəhlə, tələbə, hərbi qulluqçu, həqiqi hərbi xidmətdə olan əsgər, inşaatçı... kimi fəaliyyət göstərirlər.
Rusiyalılara Azərbaycanın hər yerində hörmət edirlər. Acı təcrübə, demək olar ki, hamıya kimin kim olduğunu anlatmışdır.
BÜTÜN ZÖVQLƏRƏ UYĞUN RESTORANLAR
Bakıda yüksək standartlara və tələblərə cavab verən 6170 ticarət obyekti- supermarketlər, univermaqlar, özünəxidmət mağazaları, restoran və kafelər var.
XARİCİ SƏRMAYƏÇİLƏRİN AÇDIQLARI RESTORANLAR
Şəhərdə 41 türk restoranı, 13 İngiltərə, 7 ABŞ, 2 Çin, 1Hindistan, 1Almaniya, 2 Gürcüstan, 3 İran, 1 Pakistan, 1 İsrail, 2 Koreya sahibkarlarına məxsus restoran fəaliyyət göstərir. Bakıda rusca adlanan və hələ sovet dövründən qalma cəmi 1 restoran var. Halbuki, Bakıya gələn və rus mətbəxi ilə tanış olan türklər belə “borş, şi” deyə gəzib, dolaşırlar. Bəs bunu harada dadmaq olar? Moskva türklərin göz yaşlarına inanmır...
AĞACLAR VƏ GÜLLƏR GETDİKCƏ ÇOXALIR
İcra hakimiyyətinin yeni rəhbərliyinin təşəbbüsü ilə Milli Park statusu almış dənizkənarı bulvarda və digər parklarda abadlıq işləri aparılmışdır. Bakıda ümumi sahəsi 12 155,5 hektar olan 41 park, 37 bağ və bağça vardır. 7.575 min ağac, 7862,3 min kol əkilmiş, 344,2 kvadratmetr sahədə mövsümi güllüklər salınmışdır. 1313,2 min kvadratmetr sahə yaşıllaşdırılmışdır. Bütün bu işlər təkcə dəbdən geri qalmamaq və ya, sadəcə, bəzək xatirinə görülmür, həm də rahat yaşayış mühiti yaradılması proqramının bir hissəsidir.
“İzvestiya-Azərbaycan” səhifələrinin materialları
“İntellekt” tədqiqatlar mərkəzinin (Azərbaycan)
iştirakı ilə hazırlanmışdır
Bakı ilə Moskvanın taleləri tarixən çulğaşmışdır. Bunu sübut etmək üçün uzaq keçmişə qayıtmaq lazım deyil. Son 10 il ərzində Moskva çoxlu azərbaycanlı üçün “ikinci vətən”ə çevrilmişdir. Onların bir hissəsi artıq moskvalıdır.
Moskva həmişə beynəlmiləl şəhər olmuşdur. Bu, uğurla inkişaf edən bir çox meqopolislərin taleyinə yazılıb. Bakı ilə Moskva arasında qarşılıqlı münasibətlərin müasir tarixini hələ heç kim ciddi şəkildə tədqiq etməmişdir. Ancaq bu, lazımdır.
Bakı və Moskva ən yüksək səviyyədə əməkdaşlıq edir. Rusiya və Azərbaycan prezidentlərinin qərarı ilə iki paytaxın qarşılıqlı fəaliyyətinin prinsipial məsələləri iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının səlahiyyətinə daxildir.
İqtisadi xarakterli bütün məsələlərin belə yüksək səviyyədə kompleks halında müzakirəsi sayəsində son illər bir çox layihələri gerçəkləşdirmək mümkün olmuşdur. Moskvanın aparıcı müəssisələri ilə Bakıdakı marağı olan tərəfdaşlar arasında real əməkdaşlıq başlanır.
Ancaq hamı görür ki, iki paytaxtın potensialından lazımınca istifadə olunmur. Ona görə də iki şəhərin rəhbərləri yaxın aylarda görüşməyi qərara almışlar. Sonuncu dəfə 1999-cu ildə Bakıda olmuş Moskva merinin yenidən buraya gələcəyi, yaxud Azərbaycan paytaxtının icra hakimiyyəti başçısının Moskvaya səfər edəcəyi gözlənilir.
Aydındır ki, bu səfər protokol xarakteri daşımayacaq. Belə işgüzar görüşün vaxtı çatmışdır. Məsələ bundadır ki, moskvalıların apardığı təsərrüfat siyasəti Bakıda maraq doğurur. Digər tərəfdən, son iki ildə Bakıda özünü doğrultmuş təcrübə, xüsusilə, tikinti, o cümlədən mənzil tikintisi sahəsindəki təcrübə də diqqətdən kənarda qala bilməz.
Üstəlik, görünür, Moskva, təkcə Bakıda deyil, ümumilikdə, Azərbaycanda biznesin bütün sahələrində yaranmış yaxşı sərmayə imkanlarını əldən buraxır. Müxtəlif hesablamalara görə, Moskvadakı Azərbaycan diasporunun 600 min nəfərdən çox olduğu nəzərə alınsa bu cür potensialdan paytaxtlar və ölkələr arasında əməkdaşlığın inkişafı üçün istifadə olunmaması qəribə görünərdi.
Moskva meri bunu başa düşür və qırılmış iqtisadi əlaqələri bərpa etmək üçün çox iş görür. Məsələn, Azərbaycandan yüksək keyfiyyətli faraş tərəvəz göndərilməsi. Bu mövzu dəfələrlə müzakirə edilmişdir. Görünür, ancaq bu ildən ona “yaşıl işıq yandırılacaqdır”.
Buna təəccüblənmək lazım deyil. Qırılmış əlaqələr birdən-birə bərpa olunmur. Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın tam miqyasda bərpa edilməsi, münasibətlərimizin yaxşılaşması əməkdaşlıq planlarını daha qətiyyətlə qurmağa imkan verir.
Ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Lakin hələlik heç bir milyard dollar da çatmamışdır. Prezidentlər Vladimir Putin və Heydər Əliyevin ümumi rəyinə görə, bu çox azdır. Ölkələrimizin potensialı daha yüksəkdir.
Azərbaycanın inkişaf edən iqtisadiyyatı bu gün təkcə neftçiləri deyil, həm də dünya biznesinin digər sahələrindən olan iş adamlarını da cəlb edir. Rusiya və Moskva sahibkarları rəqiblərinə xeyli uduzurlar. Məsələn, çinlilər Bakının və ətraf bölgələrin turizmlə bağlı imkanlarını ciddi nəzərdən keçirirlər. Böyük İpək yolunun bərpası çərçivəsində avtomobil magistralının Azərbaycan sahəsinin tikintisi Bakının inkişafı üçün böyük imkanlar yaradır. Şəhərin potensialı ildən-ilə artacaqdır.
X X X
ŞƏKİL SÖZLƏRİ
Dmitri Mendeleyev
Alfred Nobel
Tahir Salahov. Abşeron səhəri
“İzvestiya” qəzeti, 30 yanvar 2003-cü il.