SİYASƏT
Kaliforniyalı azərbaycanlılar ştat parlamentində çoxsaylı görüşlər keçirmişlər
Vaşinqton, 25 aprel (AZƏRTAC). ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icmasının fəalları Ştat Parlamentinin yuxarı və aşağı palatalarında 40-a yaxın görüş keçirmişlər.
İcma nümayəndələrinin verdiyi məlumata görə, “Azərbaycanın Müdafiə Günü” devizi altında keçirilən görüşlərdə Kaliforniya ştatının həm şimal, həm də cənub regionlarında yaşayan soydaşlarımız iştirak etmişlər. Görüşlərdə ştat qanunvericiləri və onların əməkdaşları ilə Azərbaycan-ABŞ münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır. Görüşlərdə cari ilin yanvarında erməni lobbisinin təsiri ilə Kaliforniya Ştat Assambleyasının üzvü Mayk Qatto tərəfindən irəli sürülən və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyi”ni nəzərdə tutan AJR-32 saylı qətnamə layihəsinin müzakirəsinə geniş yer verilmişdir. İcma fəalları hazırda Assambleyanın gündəliyində duran qətnamə layihəsinin qəbuledilməz olduğunu vurğulayaraq bunun erməni lobbisi tərəfindən atılmış növbəti məkrli addım olduğunu diqqətə çatdırmışlar. Soydaşlarımız Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkarlıq siyasəti, o cümlədən regionda baş verən siyasi-iqtisadi proseslər barədə qanunverici orqanın nümayəndələrinə məlumat verərək, sözügedən qətnamə layihəsinin Azərbaycan-ABŞ tərəfdaşlığının ruhuna zidd olduğunu bildirmişlər. Azərbaycanın prinsipial xarici siyasət həyata keçirdiyi, etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə böyük nüfuz qazandığı, öz iqtisadi qüdrəti ilə yerləşdiyi regiona daha böyük töhfələr vermək potensialına malik olduğu vurğulanaraq, Ermənistanın işğalçı siyasətinin regionda sülh və sabitliyin inkişafına maneə törətdiyi qeyd olunmuşdur. Üstəlik, AJR-32 saylı qətnamə layihəsi kimi təşəbbüslərin Ermənistanın təcavüzkar niyyətlərini şirnikləndirdiyi, region xalqları arasında nifaqın güclənməsinə xidmət etdiyi bildirilmişdir. Erməni lobbisinin ABŞ-da, xüsusilə də Kaliforniyada qərəzli, anti-Azərbaycan fəaliyyətinin davam etdirilməsinə imkan yaradılmasının yolverilməz olduğu, bu səpkidə ştat qanunvericilərinin belə hallara qarşı daha diqqətli olmalarının vacibliyi vurğulanmışdır.
Belə ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışan Minsk qrupunun tərkibində təmsil olunan və Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıyan ABŞ-da yerli səviyyədə belə bir qətnamə layihəsinin irəli sürülməsinin tamamilə məntiqsiz və anlaşılmaz olduğu diqqətə çatdırılmışdır.
Kaliforniyalı qanunvericilər azərbaycanlı icma fəallarına verdikləri geniş məlumat üçün təşəkkür edərək, Azərbaycan-ABŞ münasibətlərinin böyük önəm daşıdığını, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrin regionun inkişafına və beynəlxalq əməkdaşlığa əvəzolunmaz töhfələr verdiyini bildirmişlər.
Xatırladaq ki, sözügedən qətnamə layihəsinin müəllifi M.Qatto 2010-cu ildən ştat Assambleyasında ermənilərin sıx yaşadığı Los-Anceles şəhərinin 43-cü dairəsini təmsil edir. Kaliforniya Dövlət Katibliyinin (http://www.sos.ca.gov) rəsmi məlumatına əsasən, 2009-cu ildən etibarən M.Qattonun seçki kampaniyalarına erməni icması tərəfindən on minlərlə dollar məbləğində ianələr köçürülmüşdür.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton