SİYASƏT
Kamilə Əliyeva: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sülhə, əmin-amanlığa xidmət edir
Bakı, 28 oktyabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatı işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələndi. Şanlı ordumuz kəndlərimizi, rayonlarımızı bir-birinin ardınca düşmən tapdağından təmizlədi. Şükürlər olsun ki, biz artıq qalib xalq kimi torpaqlarımızın azad edilməsi günlərini qeyd edirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanın qədim və dilbər guşələrindən olan Zəngilanın 27 ildən sonra məhz oktyabrın 20-də azad edilməsi əlamətdar hadisədir. Zəngilan məhz 1993-cü il oktyabrın 20-də Ermənistan ordusu tərəfindən işğal edilmişdi. “Zəngilanın işğaldan azad edilməsindən iki il sonra qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfər etməsi və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi tarixi hadisə kimi yaddaşlara yazıldı. Vətən müharibəsinin ilk saatlarından qardaş ölkənin Prezidenti Türkiyənin Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etdi. Azərbaycanın haqq savaşında Türkiyənin bizə verdiyi siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam etdi. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması işində də Azərbaycan-Türkiyə birliyi göz önündədir. Türkiyə şirkətləri quruculuq işlərində yaxından iştirak edir. Qardaş ölkənin şirkətləri avtomobil və dəmir yollarının və tunellərin tikintisində Azərbaycan şirkətləri ilə çiyin-çiyinə çalışırlar”, - deyə K.Əliyeva diqqətə çatdırıb.
İşğal dövründə ermənilərin şəhər və kəndlərimizi yerlə-yeksan etdiklərini deyən deputat bildirib ki, onların bu çirkin məqsədləri azərbaycanlıların heç vaxt bu torpaqlara qayıdıb yaşaya bilməməsinə xidmət edib: “Ermənilər unutmuşdular ki, azərbaycanlılar Vətəni, doğma torpağı öz canlarından belə əziz tuturlar. Bütün məcburi köçkünlər öz ata yurduna qayıdacaqlar. Azərbaycan dövləti işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizi yenidən quracaq. Bu işdə türk qardaşlarımız da bizimlə birlikdədir. Türkiyə Vətən müharibəsində bəzi dövlətlərin və qüvvələrin Azərbaycana qarşı təxribatının qarşısını aldı. Dünyada Türkiyə kimi qüdrətli bir dövlətin Azərbaycanla qardaş və dost olması ilə qürur duyuruq. Şuşada imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni rəsmən də müttəfiq etdi”.
Kamilə Əliyeva vurğulayıb ki, Azərbaycan-Türkiyə dostluğu, müttəfiqliyi bölgədə sülhə, əmin-amanlığa xidmət edir. Bu gün Türkiyə dünyada söz sahibi, eləcə də güc mərkəzidir. Yaşadığımız dövrdə bir çox ölkələrdə iqtisadi, siyasi böhran hökm sürür. İnsanların durumu ağır vəziyyətdədir. Türkiyə isə bütün sahələrdə inkişaf edir. Dövlətin gücü və qüdrəti artmaqdadır. Azərbaycan və Türkiyə dostluğu əbədi və sarsılmazdır. Hər iki qardaş dövlətin - Azərbaycan və Türkiyənin bayraqları hər zaman bir yerdə dalğalanacaq.