KASPİ ABİTURİYENT HAZIRLIĞI MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 30-da Beynəlxalq Mətbuat Mərkəzində Kaspi Abituriyent Hazırlığı Mərkəzinin açılışı ilə əlaqədar mətbuat konfransı keçirilmişldir.
Kaspi Təhsil Mərkəzinin rəhbəri Elnur Əliyev çıxış edərək bildirmişdir ki, birillik fəaliyyətləri dövründə əldə etdikləri uğurlar, kifayət qədər təcrübə toplamaları Abituriyent Hazırlıq Mərkəzinin yaradılmasına təkan vermişdir.
Respublikamızın nüfuzlu ali məktəblərinin müəllimlərindən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ekspertlərindən ibarət Məsləhət Şurası yaratdıqlarını deyən natiq, məhz bu şuranın üzvlərinin təqdimatı əsasında hazırlıq mərkəzinə savadlı, təcrübəli müəllimləri cəlb edəcəklərinə əmin olduqlarını vurğulamışdır.
Qeyd olunmuşdur ki, Abituriyent Hazırlığı Mərkəzində dərslər respublikamızın ən nüfuzlu universitetlərində çalışan, TQDK-nın proqram və test toplularının hazırlanmasında birbaşa iştirak edən peşəkar pedaqoqlar, ekspertlər tərəfindən aparılacaqdır.
Abituriyent Hazırlıq Mərkəzinin direktoru Aydın Əliyev Azərbaycan və rus bölmələri üzrə təşkil olunan kurslarda bütün fənlər üzrə tədris olunacağını nəzərə çarpdırmışdır. Bildirilmişdir ki, mərkəzdə hər bir fənn üzrə ayrıca ixtisaslaşmış laboratoriyalar mövcuddur.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda ilk dəfə olaraq Abituriyent Hazırlığı Mərkəzi gənclərimizin xaricdə təhsil almasına real şərait yaradacaqdır. Məhz bu mərkəzdə təhsil alan abituriyentlər təhsillərini dünyanın ən nüfuzlu universitetlərində davam etdirə biləcəklər.
Abituriyent Hazırlığı Mərkəzində hər ay keçirilən sınaq testlərində ən yüksək nəticə toplayan abituriyentlərə xüsusi güzəştlər tətbiq olunacaq, hər bir ixtisas qrupu üzrə ən yüksək bal toplayan 3 abituriyent müvafiq olaraq 100, 50 və 30 faiz təhsil haqqından azad olunacaqlar.
Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Təhsil Problemləri İnstitutunun direktor müavini, professor Yəhya Kərimov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları çıxış edərək ölkənin və cəmiyyətin inkişafında təhsilin mühüm rolundan danışmışlar.