Keçən il Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan müəyyən edilib
Bakı, 28 aprel, AZƏRTAC
Ötən il Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində səsləndirdiyi hesabatda bildirib.
Palata sədri əlavə edib ki, aşkar edilən nöqsan bir auditə orta hesabla 13,1 nöqsan deməkdir. Əvvəlki illə müqayisə etsək 2019-cu ildə nəticələri üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilmiş nəzarət tədbirlərinin sayı 18,9 faiz, nöqsan sayı isə 21,4 faiz azalıb, nəticədə 2018-ci illə nisbətən 1 tədbirə düşən nöqsan sayında azalma təqribən 3 faiz təşkil edib.
Onun sözlərinə görə, maliyyə və uyğunluq auditin nəticələri göstərdib ki, əvvəlki illərdə olduğu kimi əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə, eləcə də mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular üstünlük təşkil edir. Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir.
V.Gülməmmədov, həmçinin qeyd edib ki, 2019-cu ildə 21,3 milyon manat vəsaitin bərpası təmin edilib ki, həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondunun büdcəsinə və 335,4 min manat vəsait qurumların hesabına daxil olub.