KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə ilk dəfə Kənd Təsərrüfatı İşçiləri günü qeyd edilmişdir.
Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyində keçirilmiş mərasimin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar. Onlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstələri düzmüşlər.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov dövlət başçısının kənd təsərrüfatı işçilərinə təbrik məktubunu oxumuşdur.
Kənd təsərrüfatı naziri İsmət Abasov aqrar sahədə ulu öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, ölkə rəhbərliyinin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından söz açmışdır. Nazir Kənd Təsərrüfatı İşçiləri gününün təsis edilməsini, sahənin bir qrup əməkdaşına fəxri adların verilməsini, Prezidentin fərdi təqaüdünün təyin olunmasını bu qayğının yeni təzahürü kimi qiymətləndirmişdir. Tədbir iştirakçıları Azərbaycan Respublikasi Prezidentinin bu barədə müvafiq sərəncamları ilə tanış edilmişlər.
Məlumat verilmişdir ki, bir qrup kənd əməkçisi nazirliyin, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanlarına layiq görülmüşdür.
Bayram münasibətilə kənd təsərrüfatı işçilərinə ünvanlanmış təbrik məktubları oxunmuşdur.
Natiqlər əldə olunmuş uğurlarla kifayətlənməyəcəklərini, aqrar sektorda istehsal həcmini daha da artıracaqlarını, bu sahədə yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, emal müəssisələri şəbəkəsinin genişləndirilməsinə, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına nail olacaqlarını vurğulamışlar.
Tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
######
![]() |
![]() |

