Kənd təsərrüfatı nazirinin rəhbərliyi ilə respublika baytarlıq müşavirəsi keçirilmişdir
Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərliyi ilə nazirliyin yanında Dövlət Baytarlıq Xidmətində (DBX) respublika baytarlıq müşavirəsi keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə DBX-nin, rayon, şəhər baytarlıq idarələrinin, respublika və zona baytarlıq laboratoriyalarının rəhbərləri, alim və mütəxəssislər iştirak etmişlər.
Müşavirəsində çıxış edən nazir ölkənin baytarlıq xidmətinin müstəqillik dövründə qazandığı nailiyyətlərdən, müasir dünyada baytarlığın mühüm rolundan danışmışdır. Qeyd olunmuşdur ki, “Baytarlıq haqqında” Qanuna əsasən baytarlıq xidmətinin başlıca vəzifəsi insanlar və heyvanlar üçün təhlükəli və kəskin yoluxucu xəstəliklərin qarşısını almaq, ölkədə epizootoloji sabitliyi qorumaqla əhalinin ərzaq təhlükəsizliyini təmin etməkdir.
DBX-nin kollektivi ilə aparılan fikir mübadiləsi zamanı baytar həkimlərin öz işlərini müasir tələblər səviyyəsində qurmasının zəruriliyi, nazirlik tərəfindən bu istiqamətdə əməli addımlar atılacağı bildirilmişdir.
Heydər Əsədov heyvanlar arasında baş verən xəstəliklərə qarşı effektiv mübarizə aparmaq üçün xidmətin maddi-texniki bazasının yaxşılaşdırılmasının, laboratoriya və diaqnostik kabinetlərin müasir tələblər səviyyəsində qurulmasının önəmindən danışmış, yerlərdə çalışan mütəxəssislərin bununla bağlı fikirlərini dinləmişdir.
Müşavirədə bu sahədəki mövcud problemlər ilə yanaşı, DBX-nin qabaqcıl təcrübəsi barədə də söhbət getmişdir. Nazir baytarlıq xidməti işçilərinə tapşırıq və tövsiyələrini vermişdir.
Daha sonra H.Əsədov nazirliyin yanında Dövlət Fitosanitar Nəzarət Xidmətində olmuş, nəzarət toksikologiya və bitki karantin ekspertizası laboratoriyalarının iş prinsipi ilə maraqlanmışdır.