KƏND TƏSƏRRÜFATI TƏDQİQATLARI SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin (İKARDA) bir qrup əməkdaşı bu günlərdə ölkəmizdə olmuşdur.
Elmi-Tədqiqat Əkinçilik İnstitutunda, Qobustan Təcrübə Stansiyasında, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda, Tərtər Təcrübə Stansiyasında aparılan tədqiqatlar qonaqlarda böyük maraq doğurmuşdur.
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev AZƏRTAC-a bildirmişdir ki, İKARDA təmsilçiləri akademik Cəlal Əliyevlə görüşdən daha çox məmnun qalmışlar. Tanınmış seleksiyaçı alimlə Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda keçirilən görüşdə bütün dünyada ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə seleksiyaçı alimlərin səylərini yeni, daha məhsuldar taxıl sortlarının yaradılmasına yönəltməyin vacibliyi vurğulanmışdır.
İKARDA ilə əməkdaşlıq çərçivəsində respublikamızın seleksiyaçı mütəxəssisləri məhz akademik Cəlal Əliyevin bilavasitə rəhbərliyi ilə yüksək məhsuldar, xəstəliklərə və quraqlığa davamlı “Əzəmətli”, “Nurlu”, “Qobustan” yeni taxıl sortları yetişdirilir. İndi ölkəmizdə 200 min hektardan çox sahədə məhz bu taxıl sortları əkilir.
Söhbət zamanı İKARDA-nın Orta Asiya və Cənubi Qafqaz ölkələri üzrə əlaqələndiricisi Kristofer Martius Azərbaycanda aqrar sahədə tədqiqatların nəticələrini, o cümlədən taxıl seleksiyası ilə bağlı son nailiyyətləri digər ölkələrin quraq ərazilərində tətbiq etməyin mühüm əhəmiyyət daşıdığını bildirmişdir.