KƏRİM ABBASƏLİ OĞLU KƏRİMOV
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan xalqının görkəmli oğlu, tanınmış hərbi xadim, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ Dövlət mükafatları laureatı, general-leytenant - mühəndis Kərim Abbasəli oğlu Kərimov 2003-cü il martın 29-da ömrünün 86-cı ilində vəfat etmişdir.
Kərim Kərimov 1917-ci il noyabrın 14-də Bakı şəhərində anadan olmuşdur. O, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra SSRİ Artilleriya Akademiyasında ali təhsilini davam etdirmişdir. Akademiyada təhsilini başa vuran Kərim Kərimov Qvardiya Minaatan Hissələrinin Baş İdarəsinə xidmətə göndərilmişdir. O, burada “Katyuşa” tipli minaatan qurğuları və onların mərmilərinin sənayedən qəbul edilməsi işi ilə məşğul olmuş və bu sahədə səmərəli fəaliyyət göstərmişdir. Kərim Kərimov 1941-1945-ci illər müharibəsindən sonra SSRİ Müdafiə Nazirliyinin aparatında 20 il xidmət etmiş, orada böyük mühəndislikdən Kosmik vasitələr idarəsinin rəisi vəzifəsinə qədər yüksəlmişdir.
Kərim Kərimov SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə saxlanılmaqla, 1965-ci ildə mülki nazirliyə - yeni yaradılmış Ümumi Maşınqayırma Nazirliyinə ezam olunmuş və burada kosmik raket texnikası üzrə işlərin təşkil edilməsi ilə bilavasitə məşğul olan Üçüncü Baş İdarəyə rəhbərlik etmişdir. O, eyni zamanda 1966-cı ildə Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri təyin edilmişdir. Kərim Kərimov Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri qalmaqla, 1974-cü ildə Mərkəzi Elmi Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini vəzifəsinə keçirilmişdir. O, 1991-ci ildə istefaya çıxsa da, Uçuşları İdarəetmə Mərkəzində məsləhətçi kimi çalışaraq, ömrünün sonuna kimi kosmonavtika ilə əlaqəsini kəsməmişdir.
Bütün ömrünü kosmik raket texnikasının inkişaf etdirilməsinə həsr etmiş Kərim Kərimovun fəaliyyəti XX əsrdə kosmosun fəth olunması tarixinin ayrılmaz hissəsini təşkil edir. 25 il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq etmiş Kərim Kərimovun adı keçmiş SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olmuşdur. Kərim Kərimov hələ 1946-cı ildən ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparmışdır. Onun elmi-texniki araşdırmaları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sistemi yaradılmış və kosmik raketlərdə tətbiq olunmuşdur. Keçən əsrin 50-ci illərində kosmosa uçuşların intensivləşdirilməsində və süni peyklərin yaradılmasında, Günəş sistemi planetlərinin və Ayın avtomat qurğular və insan tərəfindən öyrənilməsi işinin təşkil edilməsində bir alim və mütəxəssis kimi Kərim Kərimovun böyük xidmətləri olmuşdur. Kosmik fəzanın tədqiq edilməsi məqsədi ilə güclü “Soyuz” raket daşıyıcılarının yaradılması, “Salyut” orbital stansiyasının qurulması bilavasitə rəhbərliyi altında həyata keçirilmişdir. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu “Mir” orbital stansiyası yaradılmışdır.
Bütün əmək fəaliyyətini Moskvada həyata keçirməli olan Kərim Kərimov doğma vətəni Azərbaycanla əlaqələrini kəsməmiş, respublikanın elmi mərkəzləri, xüsusilə Azərbaycan Milli Aerokosmik Agentliyinin işləri ilə həmişə maraqlanmış, öz dəyərli tövsiyə və məsləhətləri ilə onlara yaxından kömək etmişdir. O, Moskvada yaşayan azərbaycanlılarla da həmişə sıx əlaqə saxlamış, onların cəmiyyət və mərkəzlərinin işində fəal iştirak etmişdir.
Kərim Kərimovun kosmik raket texnikasının inkişaf etdirilməsindəki misilsiz xidmətləri yüksək qiymətləndirilmişdir. O, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı adlarına layiq görülmüş, bir sıra orden və medallarla mükafatlandırılmışdır. Kərim Kərimov Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Görkəmli hərbi xadim, alim və mütəxəssis Kərim Kərimovun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Heydər Əliyev, Murtuz Ələsgərov,
Artur Rasizadə, Ramiz Mehdiyev,
Yaqub Eyyubov, Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Vilayət Quliyev,
Səfər Əbiyev, Mahmud Kərimov,
Arif Mehdiyev, Nikolay Baybakov,
Ramiz Rizayev, Məmməd Əliyev