Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Gənclər Günü qeyd olunub
Bakı, 2 fevral, AZƏRTAC
2 fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, KOBİA-nın əməkdaşları və könüllü gənclərin iştirakı ilə təşkil olunan tədbirdə qurumun idarə heyəti sədrinin müavini Nadir Adilov bu günün ümummilli lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edildiyini, Ulu Öndərin gənclərə diqqət və qayğısının göstəricisi olduğunu deyib. Qeyd edib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində üç dövlət proqramı qəbul olunub, gənclər təhsil üçün xarici ölkələrin aparıcı universitetlərinə göndərilib, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və digər dövlət dəstək mexanizmləri vasitəsilə istedadlı gənclərə və onların layihələrinə dəstək göstərilib, "Gənclər ev"ləri yaradılıb. Dövlət başçısının gənclərin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycan gəncləri cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, Azərbaycanın inkişafına öz töhfələrini verirlər.
Bildirilib ki, Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb. KOBİA-da da "KOB Könüllüləri" Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir, könüllü gənclərlə mütəmadi olaraq görüşlər təşkil olunur. Hazırda KOBİA-da və qurumun regionlardakı KOB dostları ilə birlikdə 20-yə yaxın könüllü fəaliyyət göstərir, gələcəkdə agentlikdə könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.
Sonra agentlikdə fəaliyyət göstərən könüllü gənclər səmərəli fəaliyyətlərinə görə diplomlarla təltif olunub.