Kimyaçı alimlərin məqaləsi Q1 kateqoriyalı nüfuzlu jurnalda dərc olunub
Bakı, 1 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Əfsun Sucayevin Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri Famil Çırağov, Fiziki Problemlər İnstitutunun aparıcı elmi işçiləri Svetlana Demukhamedova, Gulnara Akverdieva və digərlərinin Türkiyədən olan həmkarları ilə beynəlxalq səviyyədə yerinə yetirdikləri elmi tədqiqatın mühüm nəticələri “Web of Science” bazasında arxivləşdirilən Q1 kateqoriyalı impakt faktoru 5.235 olan dünyaca məşhur “Taylor & Francis” nəşriyyatının “Journal of Biomolecular Structure and Dynamics” jurnalında icmal məqaləsi kimi dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, potensial dərman maddəsi təsirinə malik olan yeni azot birləşmələri və onların metal komplekslərin sintezi və fermentlər üzrə inhibitor fəallıqlarının müfəssəl tədqiqinə həsr edilib. Alimlərin apardıqları Molekulyar Dokinq simulyasiyaları göstərib ki, yeni birləşmələr standart dərmanlarla müqayisədə hAChE və hBChE ilə daha sabit komplekslər əmələ gətirir. Bu da onları antikanser və antixolinesteraz xəstəliklərinin müalicələrində daha çox araşdırma üçün perspektivli bir namizəd edir.