Kitabxanada Mehdi Hüseynin 110 illiyi silsilə tədbirlərlə qeyd edilir
Bakı, 2 aprel, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Xalq yazıçısı, dramaturq, ictimai xadim Mehdi Hüseynin anadan olmasının 110 illiyi münasibətilə tədbirlər planı hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirlər planına əsasən kitabxananın əməkdaşları görkəmli yazıçı-dramaturqun Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Kitabxanada “Mehdi Hüseyn dramaturgiyası” adlı kitab sərgisi açılıb. Həmçinin “Mehdi Hüseyn irsinin zənginliyi” mövzusunda söhbət-mühazirə təşkil edilib. Kitabxanaçı İradə Kərimova “Azərbaycan ədəbiyyatında dərin iz qoyan yazıçı-dramaturq” adlı mühazirəsində görkəmli ədibin həyat və yaradıcılığı barədə geniş məlumat verib.
Bakı Dövlət Universitetinin tələbələri də mövzu ətrafında çıxış ediblər.