KLİVLEND KLİNİKASININ MƏTBUAT ÜÇÜN MƏLUMATI
KLİVLEND KLİNİKASININ MƏTBUAT ÜÇÜN MƏLUMATI
11 avqust 2003-cü il
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Klivlend Klinikasında müalicəsi davam edir. Daxil olduğu dövrdən bəri Prezident Əliyevin səhhəti yaxşılaşmışdır. Klinikanın ürək-damar şöbəsində yerləşdirilən Prezident özünü rahat hiss edir.
***
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV BAKI-TBİLİSİ-CEYHAN ƏSAS İXRAC BORU KƏMƏRİNİN AZƏRBAYCAN HİSSƏSİNİN TİKİNTİSİ İLƏ TANIŞ OLMUŞDUR
Avqustun 11-də Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin Azərbaycan hissəsində, ölkəmizin paytaxtı yaxınlığındakı Umbakı ərazisində aparılan tikinti işləri ilə tanış olmuşdur.
ARDNŞ-in prezidenti Natiq Əliyev, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Devid Vudvord, bp-nin və inşaat işləri ilə məşğul olan şirkətlərin nümayəndələri Baş naziri səmimiyyətlə qarşıladılar və görülən işlər barədə ətraflı məlumat verdilər. Bildirildi ki, bir sıra xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının diqqət mərkəzində olan Bakı-Tbilisi-Ceyhan kəmərinin Azərbaycan hissəsinin gələn ilin sentyabrında, Gürcüstan və Türkiyə hissələrinin isə oktyabr-dekabr aylarında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Qeyd olundu ki, son illər görülən bu nəhəng işlər təkzibedilməzdir və Azərbaycanın neft sənayesində əldə edilmiş bütün nailiyyətlər Prezident Heydər Əliyevin üzaqgörən və müdrik siyasətinin, onun rəhbərliyi altında həyata keçirilən neft strategiyasının bəhrəsidir. Məhz Prezidentimizin gərgin əməyi, rəhbərliyi və ciddi nəzarəti sayəsində əldə olunmuş bu uğurlar dövlətimizin daha da möhkəmlənməsi, onun dünya iqtisadiyyatına qovuşması, respublikamıza xarici sərmayələrin cəlb olunması, Xəzər regionunda Azərbaycanın ən aparıcı bir dövlətə çevrilməsi üçün möhkəm zəmin yaratmışdır.
Baş nazir İlham Əliyev görülən işlərlə maraqlandı, ən müasir texnologiya əsasında boruların düzülməsi və qaynaq olunması qaydaları ilə tanış oldu, bu prosesləri yaxından müşahidə etdi. Azərbaycan hökumətinin rəhbəri görülən işləri yüksək qiymətləndirdi, dünya, o cümlədən Avropa üçün böyük əhəmiyyət kəsb edən bu irimiqyaslı layihənin planauyğun həyata keçirildiyini və tikinti-quraşdırma işlərinin nəzərdə tutulduğu vaxtda başa çatdırılacağını bir daha vurğuladı.
Sonra Baş nazir İlham Əliyev tikintidə çalışan yerli işçilərlə səmimi görüşdü. Fəhlələr Baş naziri böyük məhəbbətlə qarşıladılar, onu böyük məsuliyyət tələb edən vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edərək dedilər ki, biz Prezident Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasəti bəyənirik. Çünki onun neft strategiyası Azərbaycan xalqını, o cümlədən bizləri xoşbəxt gələcəyə aparır. Bugünkü nəticələr göz qabağındadır. Bəzilərimiz 1982-ci ildə cənab Heydər Əliyevin təşəbbüsü ilə Urenqoy-Ujqorod qaz kəmərində işləmişik. Xoşbəxtik ki, indi onun rəhbərliyi ilə bu mühüm işdə çalışırıq. İlham müəllim, biz Sizi yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Çünki Siz buna layiqsiniz. Siz gəncliyi sevən insansınız. Biz də Sizi sevirik. Burada bütün işlər öz axarı ilə gedir. Bakı-Supsa kəmərinin çəkilişində də iştirak etmişik. Biz orada işləyəndə hörmətli Prezidentimiz bizi təbrik etmişdi.
Səmimi sözlərə görə təşəkkürünü bildirən Baş nazir İlham Əliyev dedi ki, mən tikintidə işləri öz gözümlə görmək üçün gəldim. Bir var ki, Bakı-Tbilisi-Ceyhan haqqında ümumi danışasan, nəsə qərar qəbul edəsən. Bir də var ki, öz gözünlə görəsən. Burada Azərbaycanın gələcəyi tikilir. Bakı-Tbilisi-Ceyhan hamımız üçün, bütün millət üçün çox böyük fayda verəcəkdir. Gəldim, görüm ki, burada bizim vətəndaşlar necə işləyirlər, şəraitləri necədir. Əlbəttə, şərait ağırdır, çöldə bu istidə böyük iş görürsünüz. Sizə minnətdaram, çox sağ olun.
Sonra Baş nazir fəhlələrlə xatirə şəkli çəkdirdi.