RƏSMİ XRONİKA
KLİVLEND KLİNİKASININ MƏTBUAT ÜÇÜN MƏLUMATI
26 avqust 2003-cü il
KLIVLEND KLINIKASINDA PREZIDENT ƏLIYEVIN MÜALICƏSI DAVAM EDIR
Klivlend Klinikası həkimlərinin avqustun 26-da bildirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tibbi müalicəyə müsbət reaksiya göstərir.
Prezident Əliyevin ürək çatışmazlığı və böyrək çətinlikləri ilə bağlı aldığı müalicəsi davam edir. Onun səhhəti avqust ayının 6-da Ohayo ştatında yerləşən xəstəxanaya gəldiyi dövrdən bəri yaxşılaşmışdır.
“U.S.Nevvs and Uorld Report” jurnalının rəyinə görə, Klivlend Klinikası Amerikanın ən yaxşı xəstəxanalarından biridir. Artıq 9-cu ildir ki, jurnal Klivlend Klinikasının Ürək Mərkəzini ABŞ-ın bir nömrəli mərkəzi elan etmişdir.
***
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV ABŞ DÖVLƏT KATİBİNİN BİRİNCİ MÜAVİNİ RİÇARD ARMİTACLA GÖRÜŞMÜŞDÜR
Klivlend klinikasında müalicədə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi ziyarət etmək üçün ABŞ-a qeyri-rəsmi səfərə gəlmiş ölkəmizin Baş naziri İlham Əliyev avqustun 25-də Amerika Administrasiyasının təşəbbüsü ilə Vaşinqtona bir günlük səfər etmiş və dövlət katibinin birinci müavini Riçard Armitacla görüşmüşdür. Təkbətək görüşdən sonra Dövlət Departamentində İlham Əliyevin şərəfinə günorta yeməyi verilmişdir.
AZƏRTAC-ın Vaşinqtondakı xüsusi müxbiri xəbər verir ki, səmimilik və mehribanlıq şəraitində keçən söhbətin əvvəlində Baş nazir Prezident Heydər Əliyevə Klivlenddə göstərilən diqqət və gayğıya görə Amerika hökumətinə öz dərin minnətdarlığını bildirmişdir. Tərəflər Amerika-Azərbaycan strateji əməkdaşlığının müxtəlif sahələri ətrafında fikir mübadiləsi aparmış, ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsinin, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylərin artırılmasının vacibliyini vurğulamışlar.
Azərbaycanda prezident seçkilərinə hazırlıq prosesi müzakirə mövzularından biri olmuşdur. Hər iki tərəf qeyd etmişdir ki, oktyabrdakı prezident seçkilərinin şəffaf və açıq şəkildə keçirilməsi təkcə ölkəmizdə deyil, bütün bölgədə demokratik proseslərin inkişafı üçün əhəmiyyətli addım olacaqdır.
Riçard Armitac və İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini də nəzərdən keçirmişlər.
Görüşdən sonra Riçard Armitac və İlham Əliyev jurnalistlər qarşısında açıqlama vermişlər.
X X X
RİÇARD ARMİTAC: Mənim üçün şərəf idi ki, bizim dostumuz, Baş nazir İlham Əliyev yenidən Dövlət Departamentindədir. Biz regionda vəziyyəti, eləcə də qarşıdan gələn seçkiləri müzakirə etdik və əlbəttə ki, görüşdən məmnunuq.
SUAL: Cənab Baş nazir, bugünkü görüşünüz barədə nə deyə bilərsiniz?
İLHAM ƏLİYEV: Etiraz etməsəniz, hamının anlaması üçün ingiliscə cavab verərdim. Mən dövlət katibinin birinci müavininə çox minnətdaram. Bir daha bir-birimizi görmək imkanı yaratdı. Mən həmişə Vaşinqtona gələndə bizim görüşlərimiz çox yaxşı keçir. Bu da ona görədir ki, biz tərəfdaşıq, dostuq. Biz birlikdə çox işləyirik ki, regionda təhlükəsizliyi təmin edək. Azərbaycanda demokratik dövlət quruculuğunun davam etdirilməsi üzrə birlikdə çox işləyirik. Münasibətlərimizin gələcəyi haqqında, üzümüzə gələn seçkilər haqqında çox yaxşı söhbətimiz oldu. Bu seçkilər Azərbaycanın gələcək inkişafının müəyyən olunmasında çox önəmlidir. Azərbaycan üçün çox vacibdir ki, seçkilər azad, ədalətli şəraitdə keçsin. Biz hökumət olaraq əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik ki, seçkilərin bu cür keçirilməsi təmin olunsun. Həm də əlavə etmək istərdim ki, bu günə qədər ölkəmizə verdiyi dəstəyə görə, birgə fəaliyyətimizə görə Birləşmiş Ştatlara minnətdarıq. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan bu yöndəki siyasətini davam etdirəcək və gələcəkdə də Birləşmiş Ştatların həqiqi və etibarlı tərəfdaşı olacaqdır.
X X X
Görüşdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Elizabet Cons, dövlət katibinin əmək, insan hüquqları və demokratiya məsələləri üzrə müavini Lorn Kreyner, səfir Linn Pasko, ABŞ-ın Azərbaycandakı səfiri Reno Harniş, Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev, Prezidentin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev iştirak etmişlər.
X X X
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev həmin gün Klivlend şəhərinə qayıtmışdır. Onun avqustun 26-da Klivlenddən Bakıya yola düşəcəyi planlaşdırılır.