KOBİA və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair sənəd imzalanıb
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya İxrac Mərkəzi adından Azər Talıbov imzalayıblar. Memorandum Azərbaycan və Rusiya arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsini, ixrac və sənaye sektorları üzrə məlumat mübadiləsini, qarşılıqlı biznes missiyaların və digər tədbirlərin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.
Memorandum Rusiya İxrac Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş şəhər infrastrukturunun inkişafına - “Ağıllı şəhər”ə dair Rusiya şirkətlərinin biznes missiyası ilə görüş çərçivəsində imzalanıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların “Ağıllı şəhər” layihələrində iştirakına, yerli və Rusiya KOB-ları arasında əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Qeyd olunub ki, Azərbaycan və Rusiya sahibkarlarının, xüsusilə də KOB-ların iştirakı ilə “Ağıllı şəhər” konsepsiyası əsasında birgə layihələrin həyata keçirilməsi üçün potensial var. Bu yanaşma tədarük zəncirində KOB-ların rolunun artmasına, yeni birgə müəssisələrin yaradılmasına və innovativ həllərin tətbiqinin genişlənməsinə öz töhfəsini verəcək. Müvafiq istiqamətdə dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi isə belə layihələrin operativ həyata keçirilməsində və maliyyələşdirilməsində intensivliyi artıra bilər. KOBİA sədri, həmçinin agentliyin fəaliyyəti, Rusiyanın müvafiq qurumları ilə KOB sahəsində əməkdaşlıq barədə də məlumat verib. Bildirilib ki, Rusiya iş adamları yerli KOB-larla əməkdaşlığın qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi, eləcə də birgə təşəbbüslərin reallaşdırılması üçün KOBİA-nın dəstək və xidmətlərindən yararlana bilərlər.