Komitə sədri: Ölkəmizə illər ərzində milyardlarla dollar həcmində xarici investisiya cəlb edilib VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan iqtisadiyyatı əsasən strateji sahələr üzərində qurulub. Bu səbəbdən strateji sahələrdə həm iqtisadiyyatın, xüsusilə də dövlət maraqlarının qorunması olduqca vacibdir. Çünki məhz bu sahələrdə mülkiyyət və idarəetmə hüquqlarının qorunması məsələsi ön plana çıxır. Təqdim edilən layihədə də strateji sahələrdə, xüsusilə strateji əhəmiyyət daşıyan investisiyalarla bağlı yeni investisiya rejiminin müəyyən edilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 10-da keçirilən iclasında komitə sədri Azər Əmiraslanov söyləyib.
O qeyd edib ki, siyasi və iqtisadi müstəqillik bir-birini uğurla tamamlayaraq ölkənin dayanıqlı inkişafını təmin edib. Azərbaycanın əsas nailiyyətlərindən biri də xarici investisiyaların cəlb olunması sahəsində əldə etdiyi mühüm uğurlardır. Bu uğurların əldə edilməsində əsas amillərdən biri ölkədə ictimai-siyasi sabitliyin və daxili təhlükəsizliyin təmin olunmasıdır. Dövlət quruculuğu sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizə illər ərzində milyardlarla dollar həcmində xarici investisiyanın cəlb edilməsi mümkün olub.