XRİTDX dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində çalışan əməkdaşların təlimlərinə başlayıb
Bakı, 10 fevral, AZƏRTAC
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində çalışan əməkdaşların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı Ali Neft Məktəbində yaradılmış “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında ixtisasartırma təlimlərinə başlanılıb.
AZƏRTAC Dövlət Xidmətinin məlumatına istinadla xəbər verir ki, ilkin mərhələdə Energetika Nazirliyi və Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) müraciətlərinə əsasən həmin dövlət qurumlarının informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşlarının sahə üzrə bilik və bacarıq səviyyələrinin XRİTDX tərəfindən qiymətləndirilməsi həyata keçirilib.
Qiymətləndirmə kompüter əsaslı testlər və şifahi müsahibələr vasitəsilə aparılıb və informasiya texnologiyalarının əsas istiqamətləri üzrə - kompüter şəbəkələri, şəbəkə avadanlıqları, protokolları və xidmətləri, informasiya təhlükəsizliyi və məlumatların saxlanması sahələrini əhatə edib.
Hər iki qurum üzrə ümumilikdə qiymətləndirmənin nəticələri nəzərə alınaraq həmin mütəxəssislərin nəzəri bilikləri ilə yanaşı, həm də praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə XRİTDX tərəfindən Bakı Ali Neft Məktəbində yeni istifadəyə verilmiş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında iki həftəlik təlim proqramına start verilib. Təlim proqramının sözügedən dövlət qurumlarının sahə üzrə bütün əməkdaşları üçün əlçatanlığın olmasını təmin etmək məqsədilə təlimlər həm əyani, həm də onlayn formatda keçirilir.
Təlimlər “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”na uyğun olaraq təşkil edilir və praktik bacarıqlara əsaslanan kadr hazırlığı modelinin tətbiqini nəzərdə tutur. Bu təşəbbüs XRİTDX tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə insan kapitalının gücləndirilməsi, kadrların əməliyyat hazırlığının artırılması və kritik sahələrdə kibertəhlükəsizlik dayanıqlılığının təmin edilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətin tərkib hissəsidir.