Hakan Fidan Türkiyənin İran ətrafında gərginliklə bağlı mövqeyini açıqlayıb
Bakı, 10 fevral, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN Türk” telekanalına Ankaranın İran ətrafında yaranmış gərginliklə bağlı mövqeyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Fidan İrana qarşı hava hücumlarının onun rejiminin süqutuna səbəb olmayacağını bildirib. “İrandakı müəyyən ssenarilər barədə fərziyyə irəli sürmək istəmirəm, amma rejim hava hücumu və ya başqa bir şeylə dəyişməyəcək. Bu, xəyaldır”, -deyə o vurğulayıb.
Türkiyə diplomatiyasının rəhbəri daha sonra qeyd edib: “Hökumət zəifləyə bilər, sistem xalqa xidmət göstərə bilməz. O zaman mövcud rejim daha radikal qərarlar qəbul etməyi və bəlkə də vəziyyəti düzəltməyə çalışmağı seçə bilər”.
Anadolu agentliyi yazır ki, Fidanın bu fikirləri İran və ABŞ-ın təxminən səkkiz aylıq fasilədən sonra cümə günü Omanda yenidən başlayan növbəti danışıqlar raunduna hazırlaşdığı bir vaxtda ifadə edilib. İran məsələsinin beynəlxalq gündəmi ciddi şəkildə məşğul etdiyini vurğulayan türkiyəli nazir bölgənin başqa bir müharibəyə tab gətirə bilməyəcəyini də qeyd edib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələdə maksimum həssaslıq nümayiş etdirir. Buna görə də, mümkün müharibənin qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etmək istəyirik”, - deyə o bildirib.
Fidan əlavə edib ki, İranın xarici işlər naziri Abbas Araqçi danışıqlar barədə ona məlumat verib, eyni zamanda, Ankara ABŞ tərəfi ilə də əlaqə saxlayır. O, daha yaradıcı həllərə ehtiyacın artdığını və müharibə təhlükəsindən uzaqlaşmağın vacibliyini vurğulayıb. “Hazırda müharibə təhlükəsi görünmür. İranlıların atom bombaları yoxdur. Həmçinin nüvə silahı yaratmaq istədikləri barədə də heç bir məlumat mövcud deyil”, -deyə nazir əlavə edib. O, Tehranın uranın zənginləşdirilməsində israr etdiyini və bu ölkənin rəhbərinin nüvə silahlarını qadağan edən dini fərmanını qoruduğunu diqqətə çatdırıb: “Bu fətva qüvvədə olduğu üçün sistem bomba istehsal edə bilməz. Lakin o, nüvə silahına yaxın imkanları inkişaf etdirir ki, bu da sanksiyalara və sanki artıq bomba istehsal etmiş kimi davranmaya səbəb olur. Bir tərəfdən uranı zənginləşdirməlisiniz. Digər tərəfdən, döyüş başlıqları hazırlamalısınız və sonra onları birləşdirməlisiniz. İndi İran bu baxımdan silahlandırma istiqamətində bir addım da atmayıb”, - deyə o bildirib.
İranın potensial olaraq nüvə silahı əldə etməsi ilə bağlı Türkiyənin mövqeyi barədə suala cavab verən Fidan bildirib ki, Ankara regional güc balansında kəskin dəyişikliklər görmək istəmir. “Belə bir inkişaf regionda əməkdaşlıq ruhuna ciddi şəkildə zərər verər”, - deyə o, bunun daha geniş nüvə silahlanması yarışına səbəb olacağı, nəticədə Türkiyəni və digərlərini də eyni şəkildə cavab verməyə məcbur edə biləcəyi barədə xəbərdarlıq edib. “Düşünmürəm ki, bu, regiona fayda verəcək”, - deyə Fidan əlavə edib.