KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ AÇIQ MƏHKƏMƏ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir.
İclasda Lamiyə İsrayıl qızı Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçinin və cavabverənin nümayəndələri İ.Cavadovun, R.Əkbərovun çıxışlarını dinləyib, işin materiallarını müzakirə edərək, qərar qəbul etmişdir.
Qərarda deyilir ki, iddiaçı L.Binnətovanın cavabdeh M.Abadova qarşı birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzildən payın naturada ayrılması və ayrılan paya qeydiyyat vəsiqəsinin verilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.