Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub
Bakı, 16 iyul, AZƏRTAC
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin “öhdəliklərin icrası müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər” müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinin, 15-ci maddəsinin II hissəsinin, 29-cu maddəsinin II hissəsinin və 59-cu maddəsinin müddəalarını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu və 390-cı maddələrinin tələblərini nəzərə alaraq, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı, 470-ci və 471-ci maddələrinin tələblərinə uyğun olaraq, yalnız tərəflər arasında yazılı formada bağlanmış zaminlik müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üsulu kimi qəbul oluna bilər.
Bu Qərarın 2-ci bəndinin müddəaları yalnız bu Qərardan sonra yaranmış münasibətlərə şamil olunmalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.