DÜNYA
Kontr-admiral: Türkiyə Suriyada sabitliyin pozulmasından terrorçuların istifadə etməsinə imkan verməyəcək
Ankara, 5 dekabr, AZƏRTAC
Suriyada baş verən son hadisələr Bəşər Əsəd rejiminin müxalifətin tələblərinə məhəl qoymamasının nəticəsidir ki, bu da ölkədə problemlərin dərinləşməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, kontr-admiral Zeki Aktürk dekabrın 5-də Ankarada keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Ankara hər zaman Suriyanın ərazi bütövlüyünü dəstəkləyib və qonşu dövlətin suverenliyinə hər hansı müdaxilə cəhdlərinə qarşı çıxış edib.
Nazirliyin nümayəndəsi vurğulayıb ki, Türkiyə Suriyada antiterror əməliyyatları zonaları ilə bağlı razılaşmaların bütün bəndlərinə sadiqdir və eyni yanaşmanı digər tərəflərdən də gözləyir.
“Türkiyə Ordusu regionda sabitliyin təmin edilməsi üçün bütün lazımi addımları atır, müvafiq tərəflərlə sıx əməkdaşlıq edir və addımlarını koordinasiya edir”, - deyə Z.Aktürk bildirib. Eyni zamanda o, əmin edib ki, Ankara Suriyadakı sabitliyin pozulmasından terror təşkilatlarının, o cümlədən PKK-nın maraqları üçün istifadə olunmasına imkan verməyəcək.
Z.Aktürk məlumat verib ki, 2024-cü il yanvarın 1-dən dekabrın 5-dək Türkiyə Ordusu bölgədə 2664 terrorçunu zərərsizləşdirib, onlardan 1272-si Suriyada məhv edilib. “Türkiyə Silahlı Qüvvələri bilavasitə son bir həftə ərzində bölgədə terror təşkilatının 53 üzvünü zərərsizləşdirib”, - deyə kontr-admiral fikrini yekunlaşdırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın müxbiri
Ankara