Kürdəmir rayonunda barama tədarükünə başlanılıb
Kürdəmir, 1 iyun, AZƏRTAC
Kürdəmir rayonunda iyunun 1-dən barama tədarükünə başlanılıb. Kümçülər artıq bir aydan bir qədər çox müddətdə çəkdikləri zəhmətin bəhrəsini görürlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirilib ki, yetişdirilən məhsul kənd təsərrüfatı idarəsində “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən qəbul edilir.
Qeyd edək ki, cari mövsümdə rayonda 25 yaşayış məntəqəsi olmaqla, 195 ailəyə 520 (9880 qr) qutu ipəkqurdu toxumu paylanılıb. Qaramahmudlu, Carlı, Yenikənd, Köhünlü, Sovla, Qarasaqqal, Qocalı və digər kəndlərdən olan kümçülər yüksək peşəkarlıqla daha çox barama yetişdiriblər.
Bütövlükdə bu il rayonda 20,8 ton barama tədarükü gözlənilir.