Kürdəmirdə keçirilən humanitar aksiyada onlarca könüllü donor iştirak edib
Kürdəmir, 16 may, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına kürdəmirlilər də qoşulub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzi rayon xəstəxanasının ailə-sağlamlıq mərkəzində təşkil olunan qanvermə aksiyasında icra aparatının, hüquq-mühafizə orqanlarının işçiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər fəal iştirak ediblər.
Respublika Qan Bankının Şirvan regional bölməsinin xüsusi tibbi briqadasının həkim-hemotoloqları mərkəzi rayon xəstəxanasının tibbi heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Aksiya gün ərzində davam edib. Onlarca könüllü qan verib. Toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil veriləcək.