KÜRDƏMİRDƏ ÖTƏN İL SOSİAL-İQTİSADİ SAHƏDƏ GÖRÜLMÜŞ İŞLƏR GENİŞ TƏHLİL EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 27-də Kürdəmir rayonunda ötən il görülmüş işlərin yekunları, cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqdan əvvəl Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov və digər qonaqlar Heydər Əliyev parkına gələrək, ümummilli liderimizin heykəli önünə təzə-tər çiçəklər qoymuşlar. Sonra qonaqlar Heydər Əliyev muzeyinin zəngin ekspozisiyası ilə tanış olmuş, mədəniyyət evinin foyesində rayonda istehsal edilmiş sənaye və kənd təsərrüfatı məhsullarının sərgisinə baxmışlar.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov yığıncağı
açaraq, “2006-cı ilin sosial-iqtisadi inkişafının yekunları, 2007-ci ildə qarşıda duran vəzifələr barədə” hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində ötən il xeyli iş görülmüşdür. 2005-ci il oktyabrın 6-da Prezident İlham Əliyevin rayona tarixi səfəri Kürdəmirdə sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsinə təkan vermişdir. Bu səfərdən sonra rayonda süd emalı zavodu, biyan istehsalı və emalı müəssisəsi açılmış, şəhər stadionu müasir tələblər səviyyəsində yenidən qurulmuş, “Külüllü-Kürdəmir II” su kəmərinin inşası başa çatdırılmışdır.
açaraq, “2006-cı ilin sosial-iqtisadi inkişafının yekunları, 2007-ci ildə qarşıda duran vəzifələr barədə” hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində ötən il xeyli iş görülmüşdür. 2005-ci il oktyabrın 6-da Prezident İlham Əliyevin rayona tarixi səfəri Kürdəmirdə sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsinə təkan vermişdir. Bu səfərdən sonra rayonda süd emalı zavodu, biyan istehsalı və emalı müəssisəsi açılmış, şəhər stadionu müasir tələblər səviyyəsində yenidən qurulmuş, “Külüllü-Kürdəmir II” su kəmərinin inşası başa çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində 2006-cı ildə rayonda ümumi daxili məhsul istehsalının həcmi 2005-ci illə müqayisədə 25,4 faiz və ya 5,1 milyon manat artaraq 96,6 milyon manata çatdırılmışdır. Ümumi daxili məhsul istehsalının 46,9 faizi kənd təsərrüfatının, 25,9 faizi sənayenin, 10 faizi inşaat kompleksinin payına düşmüşdür. 

Həyata keçirilən uğurlu aqrar islahatlar, sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şərait sayəsində ötən il kənd təsərrüfatı sahəsində yüksək göstəricilər əldə edilmişdir. Rayonda 56 min 100 ton taxıl (inişilkindən 2 min 168 ton çox), 22 min 512 ton tərəvəz (6 ton çox), 42 min 567 ton bostan məhsulları (1391 ton çox), 3 min 686 ton üzüm (295 ton çox), 2 min ton şəkər çuğunduru (800 ton çox), 13 min 996 ton kartof (75 ton çox) istehsal olunmuşdur.
Hesabat ilində qaramalın sayı 2005-ci ildəkindən 742 baş artaraq 57 min 841 baş, davarların sayı isə 2 min 281 baş çoxalaraq 118 min 16 baş təşkil etmişdir. Ət istehsalının həcmi 4 min 932 tona, süd istehsalı 23 min 450 tona, yumurta istehsalı 11 milyon 212 min ədədə çatdırılmışdır. Bu göstəricilər inişilkinə nisbətən müvafiq olaraq 118 ton, 379 ton və 33 min ədəd artmışdır.
Rayonda kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə “Aqrolizinq” ASC-nin “Aqrotexservis” mərkəzi yaradılmışdır. Hazırda 3 aqrotexservis mərkəzi fəaliyyət göstərir ki, burada 20 ədəd yeni taxılbiçən kombayn, 22 şum traktoru, 7 otbiçən, 5 otbağlayan, gübrəsəpən və digər texnika torpaq mülkiyyətçilərinin xidmətindədir.
Keçən il rayonun sənaye müəssisələri tərəfindən 24,9 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2005-ci ildəkindən 59,7 faiz çoxdur. İl ərzində məhsul istehsalı ilə məşğul olan 21 yeni məhdud məsuliyyətli cəmiyyət yaradılmışdır.
Qeyd olunmuşdur ki, ötən il bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatına 9 milyon 987 min manat sərmayə yatırılmışdır. Bu, əvvəlki illə müqayisədə 90,9 faiz çoxdur. İstehsal təyinatlı obyektlərin inşasına 6 milyon 991 min manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisinə isə 2 milyon 996 min manat investisiya qoyulmuşdur.
Görülmüş tədbirlər nəticəsində ötən il 2733 yeni iş yeri açılmışdır ki, bunun da 1694-ü daimidir. Yığıncaqda təhsil, səhiyyə sahəsində görülmüş işlər təhlil olunmuş, bildirilmişdir ki, son üç ildə Kürdəmirdə 11 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda Dövlət Neft Fondunun vəsaiti hesabına Yenikənd kəndində 360 şagird yeri olan məktəb binası tikilir. Böyük Kəngərli kəndində isə 192 yerlik təhsil ocağının inşasına son hazırlıq işləri aparılır. Keçən il rayonun məktəblərinə 132 kompyuter dəsti verilmişdir.
Kürdəmirdə gündə 250 nəfərə tibb xidməti göstərən müasir şəhər poliklinikası istifadəyə verilmişdir. Beynəlxalq Tibbi Korpus və bp şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir regional təcili tibbi yardım stansiyası istifadəyə verilmiş, müasir təcili tibbi yardım avtomaşını ilə təchiz olunmuşdur.
Hesabatda rayonun problemlərindən ətraflı söhbət açılmış, qarşıda duran vəzifələr qeyd edilmişdir. Bildirilmişdir ki, rayonda irriqasiya sisteminin inkişafına 14 milyon manat vəsait xərclənəcək, Axtaçı-Ərəbqubalı, Muradxan, Çərtəyaz beton kanallarının tikintisinə başlanacaq, Fətixanlı torpaq kanalının inşası başa çatdırılacaqdır. Bundan başqa, “Qafqaz Holdinq” şirkətinin lift zavodu, süd emalı zavodu, “Qelios” firmasının kənd təsərrüfatı məhsulları emalı müəssisəsi istifadəyə veriləcəkdir. Bu müəssisələrdə 6 min yeni iş yeri açılacaqdır.
Yığıncaqda Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək, respublikamızın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlardan danışmış, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında Kürdəmir rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinin əhəmiyyətini qeyd etmişdir. Natiq bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoymuş, bölgənin lider dövlətinə çevrilmişdir. Azərbaycanın cari il üçün büdcəsi 7 milyard manat müəyyənləşdirilib ki, bu da daha sanballı nailiyyətlər qazanmağa imkan verəcəkdir.
Dövlətimizin başlıca vəzifəsinin əhalinin rifahının yaxşılaşdırılması olduğunu vurğulayan Əli Həsənov demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu amala xidmət edir.
Yerli büdcə ilə bağlı məsələyə toxunan natiq, dövlət büdcəsindən ayırmaların azaldılması üçün daxili imkanlardan səmərəli istifadə olunmasının əhəmiyyətini qeyd etmiş, mövcud ehtiyatların üzə çıxarılıb işə salınmasının zəruriliyini vurğulamışdır.
Yığıncaqda “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov da çıxış etmişdir.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.