KÜVEYT DÖVLƏTİ AZƏRBAYCANIN ƏDALƏTLİ MÖVQEYİNİ BUNDAN SONRA DA DƏSTƏKLƏYƏCƏKDİR
Qonaqları salamlayan Ə.Həsənov bildirdi ki, bu gün müstəqil ölkəmizin ən böyük problemi Azərbaycan ərazisinin bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi və bir milyona yaxın insanın öz dədə-baba yurdlarından didərgin düşməsidir.
Söhbət zamanı razılıq hissi ilə qeyd olundu ki, Küveyt dövlətinin, onun beynəlxalq humanitar təşkilatının – Asiya Müsəlmanları Komitəsinin təmsilçiləri 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir və ötən dövr ərzində qaçqınlarımıza 3,5 milyon ABŞ dolları məbləğində yardım edilmişdir. Bu yardım əsasən təhsil və səhiyyə proqramlarına, imkansız insanlara, qaçqın və məcburi köçkünlərə, yetim uşaqların vəziyyətinin yaxşılaşdırılmasına sərf edilmişdir.
Küveyt Beynəlxalq Humanitar Təşkilatının Bakıda yaratdığı poliklinika qaçqın və məcburi köçkünlərə, aztəminatlı insanlara xidmət göstərir. Həmin təşkilat respublikamızda içməli suya tələbat olan 14 rayonda 80-dək artezian quyusu qazmışdır. Qonaqlara bildirilmişdir ki, Asiya Müsəlmanları Komitəsi Azərbaycana xoş məramla gəlmiş, yalnız humanitar məsələlərlə məşğul olmuş, öz nizamnaməsindən kənara çıxmamışdır.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 12 ildən çox davam etdiyini, bu günədək öz həllini tapmadığını təəssüflə bildirdi. Söhbət zamanı islam Konfransı Təşkilatının üzvü olan müsəlman ölkələrinin, o cümlədən Küveyt dövlətinin Azərbaycanın haqq işini daim dəstəklədiyi vurğulandı.
Ermənistanın hərbi təcavüzünün ağır nəticələri barədə məlumat verilərkən bildirildi ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocalı şəhərini işğal edərkən bir gecədə orada görünməmiş vəhşiliklər törətmiş, 718 nəfəri amansızlıqla qətlə yetirmişlər.
Söhbət zamanı bildirildi ki, uzun müddət davam edən münaqişənin həllində qeyri-konstruktiv mövqe tutması ilə Ermənistan bu regionda həyata keçirilən mühüm beynəlxalq layihələrdən kənarda qalmışdır.
Qeyd olundu ki, münaqişə danışıqlar, sülh yolu ilə həll edilməzsə, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir.
Görüşdə Ə.Həsənov onu da vurğuladı ki, haqq-ədalət bizim tərəfimizdədir. Bununla belə Azərbaycan həqiqətlərini bütün dünyaya, o cümlədən ərəb ölkələrinə çatdırmaqda yardıma ehtiyacımız var. Azərbaycan Asiya Müsəlmanları Komitəsi ilə əməkdaşlığa mühüm əhəmiyyət verir.
Küveyt Dövlətinin vəqflər və islam işləri naziri doktor Məətuq əl-Məətuq görüş və ətraflı məlumat üçün təşəkkürünü bildirərək dedi ki, vaxtilə Küveyt də təcavüzə məruz qalmışdı. Biz işğalın nə olduğunu, qaçqın və məcburi köçkün problemlərini öz təcrübəmizdən bilirik. Ona görə də Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcəyik.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə iştirak etmişdir.