Küveytdə 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilmişdir. Səfirlikdə Küveytli müəllim, elmi işçi və gənc ziyalılardan ibarət qonaqların iştirakı ilə “dəyirmi masa” təşkil olunmuşdur. Tədbir iştirakçılarına sovet qoşunlarının Bakıda və Azərbaycanın digər şəhərlərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklə bağlı geniş məlumat verilmiş, ərəb dilində sənədli film nümayiş etdirilmiş və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra “dəyirmi masa” iştirakçıları ilə fikir mübadiləsi əsnasında o zaman Moskvada güclü nəzarət və təzyiq altında olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hadisədən dərhal sonra öz həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, orada dünyanın nüfuzlu kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirərək baş verən hadisəni şiddətlə qınaması, cinayətkarların cəzalandırılması tələbi ilə çıxış etməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması və onları Azərbaycanın səsinə səs verməyə çağırması xüsusi qeyd olunmuşdur. Tədbir iştirakçılarına səfirlik tərəfindən ərəb dilində nəşr etdirilmiş “Qanlı Yanvar faciəsi” fotoalbomu, sənədli filmin yer aldığı disklər təqdim olunmuşdur.
Qanlı Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə səfirlikdə Küveytdə yaşayan, işləyən həmvətənlərimizin iştirakı ilə anma gecəsi keçirilmişdir. Həmçinin sənədli film nümayiş etdirilmiş, faciəni özündə əks etdirən fotoşəkillərdən ibarət stendlər qurulmuşdur. Tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı öz xatirələrini bölüşmüşlər. Küveytin nüfuzlu “Əl-Vasat” qəzetində küveytli müəllim Abdulla Əl-Raşidin qanlı faciəyə həsr olunmuş məqaləsi dərc edilmişdir.