Laçın və Kəlbəcərdə üç yaşayış məntəqəsinin yenidən qurulmasına başlanılır VİDEO

Laçın, 13 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda 1 qəsəbənin (Qorçu) və Kəlbəcər rayonunda 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb.
Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, "Azərdövlətsənaye" Dövlət Layihə İnstitutu ilə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Kəlbəcər rayonunun Çaykənd və Qamışlı kəndlərinin yenidən qurulması işlərində layihələndirmə işinin hazırlanmasının satınalmasına dair müqavilələr bağlanıb. Həmçinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Laçın rayonunun Qorçu qəsəbəsinin tikintisi layihəsinin hazırlanması dair satınalma müqaviləsi bağlanılıb.
Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru vəzifəsini icra edən Fəxrəddin Verdiyevin sözlərinə görə, müqavilələr qeyd olunan yaşayış məntəqələrində minə yaxın fərdi evin, tam orta məktəblərin, uşaq bağçalarının və digər ictimai obyektlərin layihələndirmə işlərinin satınalınmasını əhatə edir.