Laçınlı şair: Bugünkü şəhərin özgə hüsnü var
Bakı, 1 dekabr, AZƏRTAC
Ən çox ona sevinirəm ki, “məcburi köçkün” sözü üstümüzdən götürüldü. Öz vətənində, öz evində köçkün adlandırılmaq çox ağır bir dərddir. Bəlkə də bunu yaşamayan bilməz, amma otuz ilə yaxın bu ağırlığa dözmək məcburiyyətində qalmışıq.
Bu sözləri 1992-ci il mayın 17-də Laçını ən sonuncu tərk edənlərdən biri, şair İlham Qəhrəman AZƏRTAC-ın müxbirinə deyib.
Müsahibimiz doğma şəhəri kövrək hisslərlə xatırlayıb: “Ovaxtkı Laçını yaddaşıma həkk etmişəm, hamısı bir-bir gözümün qabağına gəlir. Cərgə ilə düzülmüş dükanlar, bazar, Poladın mebel dükanı, dəlləkxana, rabitə, redaksiya, Xanoğlanın çayxanası, poçt, “Soyuzpeçat”, kitabxana, məişət evi, məhkəmə, əczaxana, xəstəxana, 8 illik məktəb, Əmanət bankı, Laçın bankı, Mədəniyyət evi, 1 nömrəli məktəb, N.Nərimanovun büstü... Həmin lövhələr indən belə ancaq onu görənlərin xatirəsində və şəkillərdə yaşayacaq.
Hündürdə yerləşən “Abidə” adlanan ərazidən ətraf - Ağanus, Zabux, Sus, Qızılca, Hoçaz, Qarıkaha əl içi kimi görünür... Şəhidlərimizi xatırlayıram. Ana vətənin boyunu sevən şəhidlərimizə qəni-qəni rəhmət eyləsin, qazilərimizə cansağlığı versin! Onların sayəsində millətimiz böyük nüfuz qazandı, xalqımıza qarşı sevgi bərpa edildi, öz torpağında “köçkün” adlanmağın töhmətindən qurtulduq.
Xəyalıma Ağa Laçınlı, Hüseyn Kürdoğlu, Malik Fərrux, Məhəbbət Kazımov və laçın həsrəti ilə əbədiyyətə qovuşan digər eloğlularım gəlir... Deyirəm, kaş sağ olub bugünkü Laçını görəydilər...”
Şair doğulduğu rayonun müasir mənzərəsi barədə deyib: “Bu gün Laçının özgə hüsnü var. Hər tərəfdə köhnə yola paralel təzə yollar çəkilir. Ha tərəfə baxırsan texnikadır. Rayonun hər yerində iş qaynayır. Texnikanın əlindən tərpənmək olmur. Şəhərdə böyük maşınların tıxacına düşürsən. SOCAR-ın Şuşa yolundakı yanacaqdoldurma məntəqəsində saatdan çox növbə gözləyirsən. Şəhərdə ancaq kişilər gözə dəyir. Zərif cinsin nümayəndələrini ofislərdə, çay yolunda və çay qırağı abadlıq işlərində görmək olar. Azərbaycanın hər yerindən gələnlər şəhərdəki quruculuq işlərində yaxından iştirak edirlər.
Laçının bərpası illər aparacaq. Görülən işlərin miqyası çox genişdir - yollar salınır, işıq çəkilir, kanalizasiya quraşdırılır, evlər bir yandan bərpa edilir, bir yandan yenisi tikilir. Aparılan quruculuq işləri göstərir ki, gələcəkdə Laçın Azərbaycanın ən gözəl turizm məkanlarından birinə çevriləcək. Vaxt gələcək, yayda burada adam əlindən iynə atsan, yerə düşməyəcək. Dövlətimizin Laçına diqqəti, təəssübkeşliyi, qeyrəti aydın hiss olunur. Şəhər günbəgün böyüyür, inkişaf edir, gözəlləşir. Ümid edirəm ki, Laçın ən yaxın vaxtlarda abad və gözəl yaşayış məkanlarından, ölkəmizin ən gözəl turizm məkanlarından birinə çevriləcək. Tezliklə laçınlıların səsi yenə dağlar qoynundakı ev-eşiklərindən gələcək, rayonun bütün kəndləri öz sakinlərinə qovuşacaq”.