Latviyada əsaslı təmir olunmuş daha bir teplovoz ölkəmizə gətirilmişdir
Bakı, 7 noyabr (AZƏRTAC). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində bu günlərdə daha bir TEM-2 seriyalı teplovoz Latviya Respublikasında əsaslı təmir olunaraq ölkəmizə gətirilmişdir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Biləcəri lokomotiv deposunda QSC sədrinin birinci müavini Əlirza Süleymanovun iştirakı ilə teplovoza baxış keçirilmişdir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın tərkib hissələrindən biri də Azərbaycan Dəmir Yolunun lokomotiv parkının genişləndirilməsi üçün yeni lokomotivlərin alınması və mövcud lokomotivlərin əsaslı təmirinin həyata keçirilməsidir. İndiyədək 11 lokomotiv müxtəlif ölkələrdə əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Məlumat verilmişdir ki, bu ilin fevral-mart aylarında TEM-2 seriyalı daha 5 teplovoz Vilnüs lokomotivlərin təmiri deposuna əsaslı təmirə göndərilmişdir. Həmin teplovozlardan biri noyabrın 6-da ölkəyə gətirilmişdir və bu gün xəttə buraxılır. Əsaslı təmir olunmuş teplovozda kondisioner sistemi, müşahidə kameraları və soyuducu quraşdırılmışdır. Digər 4 teplovozun təmiri davam etdirilir.