Latviyanın Azərbaycandakı səfirliyi Milli Kitabxanaya kitablar hədiyyə edib
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Azərbaycan Milli Kitabxanasının Beynəlxalq Əməkdaşlıq zalında Latviyanın Azərbaycandakı səfirliyindən Milli Kitabxanaya hədiyyə edilən kitabların təqdimatı keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara kitabxana haqqında, onun fəaliyyəti barədə məlumat verib. Direktor vurğulayıb ki, Azərbaycan Milli Kitabxanası Latviya Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində kitabxana-informasiya sahəsində, sərgilərin təşkili, kitab və resurs mübadiləsi həyata keçirir.
Kərim Tahirov qeyd edib ki, 2019-cu ildə Milli Kitabxanada Beynəlxalq Əməkdaşlıq zalının açılışı olub. Zal yaradılarkən 13 ölkənin, eləcə də Latviyanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə, iqtisadiyyatına, memarlığına, rəssamlığına, incəsənətinə, texnologiyasına dair kitablar daimi guşədə öz əksini tapıb. Hazırda isə Beynəlxalq Əməkdaşlıq zalında 16 ölkəyə dair daimi guşə var.
K.Tahirov onu da bildirib ki, səfirlikdən hədiyyə edilən kitablar Beynəlxalq Əməkdaşlıq zalının Latviya daimi guşəsində və Xarici ədəbiyyat kolleksiyasında öz layiqli yerini tutacaq. Vurğulayıb ki, buradakı kompüterlərdən oxucular istifadə edərək birbaşa Latviya Milli Kitabxanasının elektron kataloquna daxil olaraq ölkənin mədəniyyətinə, tarixinə, ədəbiyyatına dair nəşrlərə baxmaq imkanı əldə edirlər.
Sonra Latviyanın Azərbaycandakı səfirinin müavini xanım Viya Buşa çıxış edərək, iki ölkə arasında olan beynəlxalq əlaqələrin əhəmiyyətindən, eləcə də mədəniyyət sahəsində olan əməkdaşlıqdan danışıb. O bildirib ki, Latviya və Azərbaycan Milli Kitabxanaları arasında olan əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi qürurverici haldır. Bu gün təqdim edilən kitablar bilavasitə Latviya Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Kitabxanasına hədiyyəsidir. İnanıram ki, bu kitablar mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
O, “Terra Mariana” tarixi kitabı, eləcə də “Europe - 100”, “100 beautiful places in Latvia”, “Vaira Vike-Freiberga. The singer of songs” və digər kitabları professor Kərim Tahirova təqdim edib.
Kərim Tahirov da öz növbəsində “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Salam Azerbaijan” və “Karabakh” kitablarını qonaqlara hədiyyə edib.
Tədbirin sonunda iştirakçılar Milli Kitabxanaya hədiyyə olunan kitablarla tanış olublar.