Layihə rəhbəri: Azərbaycanda hüquq sahəsində rəqəmsal həllərin tətbiqi genişlənir
Bakı, 14 iyul, AZƏRTAC
Son illərdə dünyada “LegalTech” adlandırılan hüquq texnologiyaları sürətlə inkişaf edir. Süni intellekt, rəqəmsal platformalar və onlayn xidmətlər hüquqi xidmətlərin daha əlçatan və səmərəli təşkilinə imkan yaradır. Azərbaycanda da bu istiqamətdə müxtəlif təşəbbüslər formalaşmağa başlayıb və “Legal Hub” bu inkişafın növbəti nümunələrindən biri kimi qiymətləndirilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında layihənin həmtəsisçisi, “Lighthouse Consulting&Training”ın idarəedici partnyoru Elnur Axundov deyib.
“Azərbaycanda hüquq sahəsində rəqəmsal həllərin inkişafı istiqamətində yeni təşəbbüs “Lighthouse Consulting&Training” şirkəti tərəfindən yaradılan - “Legal Hub” platforması bu yaxınlarda fəaliyyətə başlayıb. Layihə hüquqi xidmətlər, peşəkar inkişaf və hüquqi maarifləndirməni vahid ekosistemdə birləşdirməyi hədəfləyir. Platforma hüquqşünaslar, mediatorlar, ekspertlər, tələbələr, sahibkarlar və hüquqi məsələlərlə bağlı məlumat əldə etmək istəyən vətəndaşlar üçün nəzərdə tutulub. “Legal Hub” çərçivəsində hüquqi təlimlər, ekspert məqalələri, praktiki resurslar, konsultasiya imkanları və peşəkar əməkdaşlıq mexanizmlərinin mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır. Layihənin təsisçiləri “Lighthouse Consulting&Training”ın təsisçisi və idarəedici partnyoru olaraq mən, hüquqşünas-vəkil Ramin İsayev və hüquqşünas-mediator Xəlil Süleymanlıdır”, - deyə Elnur Axundov bildirib.
O qeyd edib ki, platformanın əsas məqsədi hüquqi biliklərin paylaşılmasını təşviq etmək, peşəkarlar arasında əməkdaşlığı gücləndirmək və hüquqi xidmətlərin rəqəmsal mühitdə daha rahat əlçatan olmasına töhfə verməkdir.
Ekspertlərin fikrincə, hüquq sahəsində rəqəmsal platformaların inkişafı həm hüquqşünasların peşəkar fəaliyyətinə, həm də vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərə bilər.
“Bu baxımdan “Legal Hub”un ölkədə formalaşan hüquq texnologiyaları ekosisteminə əlavə dəyər qatacağını gözləyirik. Platformanın növbəti mərhələlərdə funksionallığının genişləndirilməsi, yeni tədris proqramlarının, ekspert xidmətlərinin və innovativ rəqəmsal həllərin istifadəyə verilməsi nəzərdə tutulub”, - deyə E.Axundov əlavə edib.
Qeyd edək ki, “LegalTech” (“Legal Technology”) – hüquq xidmətlərinin göstərilməsi, hüquqi proseslərin idarə olunması və hüquqi məlumatlara çıxışın rəqəmsal texnologiyalar vasitəsilə optimallaşdırılmasını nəzərdə tutan texnologiyalar və proqram təminatıdır. Əsas məqsədi hüquqi xidmətləri daha sürətli, əlçatan, şəffaf və səmərəli etməkdir. Son illərdə generativ süni intellektin inkişafı “LegalTech” bazarına yeni təkan verib. “ChatGPT”, hüquqi tədqiqat platformaları, müqavilə analizi sistemləri və hüquqi köməkçi tətbiqlər hüquqşünasların sənəd hazırlaması, qanunvericiliyin araşdırılması və iş proseslərinin avtomatlaşdırılmasında geniş istifadə olunur. Bununla yanaşı, bu texnologiyalar hüquqşünası əvəz etmir, onun işini sürətləndirən və dəstəkləyən alət kimi qiymətləndirilir.
Qlobal bazarda “LegalTech” sahəsində tanınmış həllər arasında müqavilələrin avtomatlaşdırılması, hüquqi araşdırma və süni intellektəsaslı analiz platformaları üstünlük təşkil edir.
Azərbaycanda “LegalTech” ekosistemi hələ formalaşma mərhələsindədir. Bununla belə, elektron məhkəmə sistemi, elektron imza, rəqəmsal notariat xidmətləri, “Mygov” üzərindən təqdim olunan hüquqi xidmətlər və özəl sektorun yaratdığı yeni rəqəmsal platformalar bu istiqamətdə inkişafın getdikcə sürətləndiyini göstərir.
Müxbir – Pərvanə Qafarova