LAYİHƏNİN İCRASI UĞURLA DAVAM EDİR
AÇG çərçivəsində həyata keçirilən tikinti layihələrinin menecerləri onların hər biri haqqında ayrıca məlumat verdilər. Məlum oldu ki, ATA-da tikilən platformanın da dayaq bloku BDÖZ-də inşa edilir. QTTY platformasının üst modullarının tikintisi də bu müəssisədə uğurla aparılır. Hər iki platforma “Dərinsulu Günəşli” yatağında quraşdırıldıqdan sonra bir-birinə 75 metr uzunluğunda körpü vasitəsilə birləşdiriləcək. Ümumiyyətlə, “Dərinsulu Günəşli”nin dəniz obyektlərinin mənzərəsi təxminən “Mərkəzi Azəri”dəki kimi olacaq.
“Dərinsulu Günəşli”, adından da göründüyü kimi, dənizin daha dərin sahəsində yerləşdiyi üçün burada əlavə sualtı qurğuların tikintisi də tələb olunur. Sualtı suvurma sistemi adlanan həmin qurğular yatağın ümumi ehtiyatlarının təxminən 200 milyon standart barrelinin və ya 20 faizinin hasil edilməsinə dəstək verəcək. Bu, Xəzər dənizində həyata keçirilən birinci sualtı suvurma layihəsi olacaq.
Ümumiyyətlə, “Dərinsulu Günəşli”nin platformaları üçün lazım olan avadanlıq və hissələrin bir çoxu artıq Bakıya çatdırılıb, bəziləri isə yoldadır. Tikintinin ahəngdar getməsinə bunun da müsbət təsiri az deyil.
Obyektlərlə yaxından tanış olan jurnalistlər ATA tikinti-quraşdırma sahəsində əməyin təhlükəsizliyinin, görülən işlərin yüksək keyfiyyətinin də şahidi oldular, Xəzərdə quraşdırılacaq 14 min tonluq daha bir nəhəng qurğunu gəzmək imkanı əldə etdilər.