Lənkəran Dövlət Dram Teatrı “Senemar” tamaşasının onlayn təqdimatını keçirəcək
Lənkəran, 16 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 19-da Lənkəran Dövlət Dram Teatrı özünün rəsmi facebook səhifəsində İran yazıçısı Bəhram Beyzayinin “Senemar” faciəsini canlı yayım vasitəsilə nümayiş etdirəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi-dram hissə rəhbəri Ağaddin Babayev məlumat verib.
O bildirib ki, tamaşada həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaran Nöman adında ərəb sultanının öz əyalətində tayı-bərabəri olmayan böyük bir saray tikdirmək arzusundan bəhs olunur. Bu məqsədlə Senemar adlı məşhur memar ölkəyə dəvət edilir. Senemar sultana söz verir ki, tikəcəyi saray hər kəsi təəccübləndirəcək. Nömanın ətrafındakı adamlar isə hər vasitə ilə memarı sultanın gözündən salmağa səy göstərirlər. Nöman şah ona məxsus sarayın oxşarı tikilməsin deyə Senemarın qətlinə fərman verir, son nəticədə memarı tikdiyi saraydan yerə atdırır. Lakin, hadisələrin sonrakı inkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur.
Səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa edirlər.
İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının truppası ötən il avqustun 14-18-də İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş "Adət-Ənənə" Milli Teatr Festivalında “Senemar” tamaşası ilə iştirak edərək, mükafata layiq görülüb.