Lənkəran Dövlət Universitetində 200-ə yaxın tələbə və müəllim tibbi müayinələrdən keçib
Lənkəran, 20 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 20-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı Filialının həkim heyəti Lənkəran Dövlət Universitetində (LDU) tibbi aksiya keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində məqsəd LDU-da müəllim və tələbələrin səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərmək, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq olub.
LDU-nun müəllim və tələbələri humanitar aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil edilib.
Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur.
2018-ci ildən isə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar klinikası fəaliyyət göstərir.