Lənkəranda “Dəmir yumruq” devizi ilə açıq Respublika turniri təşkil olunub
Lənkəran, 20 avqust, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi və Bakı Karate-do Akademiyasının təşkilatçılığı ilə “Dəmir yumruq” devizi ilə karate üzrə açıq respublika turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç gün davam edən yarışda Bakı, Sumqayıt və 14-ə yaxın rayondan 20-yə yaxın komanda və 150 idmançı iştirak edib.
Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Lənkəran Şəhər Gənclər İdman İdarəsinin rəis müavini Yusif Xamiyev və Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından danışıblar.
Daha sonra Lənkəranın “Nənələr” folklor qrupu öz mahnıları ilə tədbirə rəng qatıb, veteran karateçilər nümunəvi çıxışlar nümayiş etdiriblər.
Final döyüşləri zamanı 45 kiloqram çəki dərəcəsində 13-14 yaşlı qızlar arasında Bakı Karate-do Akademiyasının yetirməsi Jasmin Xəlilova rəqiblərini üstələyərək döyüş kəmərini qazanıb.
Sonda Lənkəran Gənclər İdman İdarəsinin rəisi Ramin Rəhimov və Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə 35 yaş və çəki kateqoriyasında qalib olanlara və mükafatçılara Zəfər gününə həsr edilmiş “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medallar və diplomlar təqdim ediblər.