REGİONLAR
Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışının qalibləri məlum olub
Lənkəran, 21 aprel, İlkin Adıyev, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində "Heydər Əliyev İli"nə həsr olunan “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Ümumilikdə 35 nəfər gəncin iştirak etdiyi yarış 3 mərhələ üzrə (“Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı”, “Komandaların təqdimatı”) təşkil edilib.
Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən 1-ci yeri Lənkəran rayon Digah kənd tam orta məktəbinin komandası, 2-ci yeri Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin komandası, 3-cü yeri Astara rayon 2 nömrəli tam orta məktəbin komandası qazanıb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.