LƏNKƏRANDA İLK DƏFƏ BÖYRƏKKÖÇÜRMƏ ƏMƏLİYYATI APARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, ötən il açıq ürək əməliyyatının aparıldığı Lənkəran Regional Müalicə və Diaqnostika Mərkəzində bu dəfə böyrək köçürülməsi əməliyyatı aparılmışdır. Bu, regionlarda ilk belə cərrahiyyə əməliyyatıdır.
Lənkəran Regional Müalicə və Diaqnostika Mərkəzində ilk böyrək köçürülməsi əməliyyatı Masallı rayonunun Mahmudavar kəndinin 23 yaşlı sakini Anar Əzizovun üzərində aparılmışdır.
Üç ay əvvəl ağır vəziyyətdə xəstəxanaya gətirilmiş Anarın xroniki böyrək çatışmazlığından əziyyət çəkdiyi müəyyənləşdirilmişdi. Onun yaxın adamlarının Rusiya və Pakistanda donor axtarışları bir nəticə verməmiş, donor ölkəmizdə, Anarın dostları arasında tapılmışdır.
Amma bu zaman əməliyyatın harada keçirilməsi ilə bağlı problem yaranır. Cərrahiyyə əməliyyatının İranda aparılması variantı alınmadığından Anarın yaxınları yenidən vətənə qayıdır, Lənkəran Regional Müalicə və Diaqnostika Mərkəzinə müraciət edirlər. Mərkəzdə təcili cərrahiyyə əməliyyatı aparılması üçün yüksək səviyyəli şərait yaradılır.
İrandan dəvət olunmuş cərrahların yerli həkimlərlə birlikdə apardıqları əməliyyat 4 saata yaxın davam etmişdir.
Beləliklə, son illərdə ölkəmizdə müasir standartlara uyğun tibb mərkəzlərinin fəaliyyətə başlamasının nəticəsi olaraq cavan bir vətəndaşımız ölümün əlindən xilas edilmişdir.
Anarın üç ay böyük narahatlıq içində olan valideynləri və yaxınları əməliyyat otağından gələn xoş xəbərin sevincini yaşayırlar. Yaxın vaxtlarda lənkəranlı həkimlər böyrək köçürülməsi kimi çətin cərrahiyyə əməliyyatı üzrə təcrübə qazanmaq üçün xarici ölkələrə ezam olunacaqlar.