Lənkəranda könüllülük fəaliyyəti ilə bağlı niyyət protokolu imzalanıb
Lənkəran, 20 avqust, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsi “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyətini genişləndirir. Məqsəd gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, ölkəmizdə könüllülük hərəkatını inkişaf etdirmək, sağlam həyat tərzini təbliğ etmək, yeniyetmə və gənclərdə idmana marağı artırmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi ilə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
İdarənin rəisi Ramin Rəhimov və Birliyin sədri Miraqil Seyidzadə tərəfindən imzalanan sənədin əsas mahiyyətini hər iki qurumun birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməsi təşkil edir.
Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.
Könüllü kimi işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək. Bu, onların iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən və yaşından asılı olmayaraq hər bir vətəndaş müraciət edə bilər. Könüllülər sırasına qoşulmaq istəyənlər Lənkəran Şəhər Gənclər və İdman İdarəsində könüllü fəaliyyət göstərmək üçün müraciət formasını doldurmalıdırlar. Əlaqə telefonu: (02525)4-03-19, 050-748-68-78.