Lənkəranda xüsusi karantin rejiminin tələblərinə əməl etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb
Lənkəran, 23 avqust, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir. Belə tədbirlərin keçirilməsində məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı koronavirus infeksiyasının yayılma riskinin yüksək olduğu qapalı məkanlarda - market, mağaza və digər obyektlərdə bəzi vətəndaşların hələ də xüsusi karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirdiyi aşkarlanıb.
Polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə, onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.
Reyd zamanı, həmçinin polis əməkdaşları tərəfindən sürücülərlə və sakinlərlə ictimai nəqliyyatda tibbi maskadan istifadə edilməsinin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı söhbətlər aparılıb.
Koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydaları pozan, eləcə də özünün və ətrafdakıların sağlamlığına etinasızlıq, laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.