Lerik rayonunda meşə ərazisində başlamış yanğının söndürülməsi işləri davam etdirilir
Bakı, 23 avqust, AZƏRTAC
Avqustun 23-də Lerik rayonunun Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğınsöndürmə əməliyyatı nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin bir helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilir.
Ərazidə əsasən kol-kos və qurumuş ağac kötükləri yanır. Relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava yanğının söndürülməsinə mane olur.