SİYASƏT
Lerikdə Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilmişdir
![Lerikdə Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilmişdir](/files/2013/3/1200x630/14071451201110738052_1200x630.jpg)
Lerik, 10 noyabr (AZƏRTAC). Lerik rayonunda Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə vətəndaşlarda dövlət rəmzlərinə hörmət və sədaqət hissinin gücləndirilməsi, uşaqların, yeniyetmə və gənclərin bununla bağlı biliklərinin möhkəmləndirilməsi məqsədi ilə müxtəlif mövzularda məruzə və çıxışlar dinlənilmişdir.
Çıxış edənlər üçrəngli bayrağımızın 1990-ci il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin böyük cəsarəti, uzaqgörənliyi sayəsində yenidən ucaldılması, Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının muxtar respublikanın dövlət bayrağı kimi təsdiq edilməsi barədə söhbət açmışlar. Həmçinin qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında 2009-cu il 17 noyabr tarixli Sərəncamı və bunun ardınca Bakıda Dövlət Bayrağı Meydanının yaradılması dövlətimizin başçısının müstəqilliyimizə, dövlət rəmzlərimizə hörmət və ehtiramının bariz nümunəsidir.
Daha sonra Lerik şəhərində məktəblilərin Dövlət Bayrağı Meydanına yürüşü olmuşdur. Yürüş iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüşlər.
Tədbirlər Dövlət Bayrağı Meydanında davam etmişdir. Şagirdlərin ifasında Dövlət Bayrağı Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.